Şanxayda keçirilən Asiyanın ən böyük logistika sərgisində Səudiyyə Ərəbistanı və Çin arasında nəqliyyat əlaqələrini gücləndirən 7 yeni müqavilə imzalanıb. Əldə olunan razılaşmalar logistika, rəqəmsal mobillik və sənayenin inkişafı sahələrini əhatə edir.
ArabAZ xəbər verir ki, sərgidə 25 dövlət və özəl sektor qurumu ilə təmsil olunan Səudiyyə Ərəbistanı çinli investorlara 75-dən çox irimiqyaslı investisiya imkanı təqdim edib. Krallıq bu addımla “Vision 2030” proqramını Çinin “Bir Qurşaq, Bir Yol” təşəbbüsü ilə tam uyğunlaşdırmağı hədəfləyir.
İmzalanan sənədlər arasında ən diqqətçəkəni sürücüsüz (avtonom) nəqliyyat və ağıllı şəhər texnologiyaları ilə bağlıdır. Səudiyyənin rəqəmsal həllər şirkəti “Elm” ilə Çinin “Shenzhen Smart City” qurumu bu sahədə birgə fəaliyyət göstərəcək.
Səudiyyə tərəfi rəqəmsal transformasiyanı sürətləndirmək üçün sərgidə “Huawei” şirkəti ilə də xüsusi görüş keçirib. Görüşdə nəqliyyat sistemlərində süni intellektin tətbiqi və qabaqcıl texnologiyaların Krallıqda yerliləşdirilməsi müzakirə olunub.

