Səudiyyə Ərəbistanının idmanda qadınların iştirakını genişləndirmək istiqamətindəki fəaliyyəti ilk dəfə 2017-ci ildə, qızların dövlət məktəblərində bədən tərbiyəsi dərslərinin tətbiq edilməsi ilə başlayıb. Növbəti il, əvvəllər yalnız kişilər üçün məhdudlaşdırılan stadionlar qadınların və ailələrin üzvünə açıldı və bu, “Vision 2030” çərçivəsində idmana əlçatanlıq sahəsində daha geniş bir dönüş nöqtəsi oldu.
Bu müsbət dəyişiklik Krallıq miqyasında keçirilən əsas idman tədbirlərində aydın şəkildə özünü büruzə verir. Səudiyyə Kütləvi İdman Federasiyasının məlumatına görə, Ər-Riyad Marafonunda səudiyyəli qadınların iştirak payı 2022-ci ildəki ilk buraxılışda 18,7 faiz olduğu halda, 2026-cı ildə bu göstərici 25,8 faizə yüksəlib.
ArabAZ xəbər verir ki, Federasiyanın icraçı direktoru Şeyma Əl-Hüseyni “Arab News” qəzetinə verdiyi açıqlamada bildirib ki. “Builki marafonda 5 kilometrlik məsafəyə qaçış yarışında 90 yaşlı bir qadın idmançının iştirak etməsi, bu tədbirin hər bir yaş qrupuna və bacarığa sahib olan insanlar üçün nə dərəcədə inklüziv (əhatəli) bir ruh daşıdığının bariz sübutudur”.
O qeyd edib ki, qadınların idmanda iştirakının artması mədəni, sosial və fiziki amilləri nəzərə alan çevik təşəbbüslər və davamlı proqramlar vasitəsilə daha inklüziv idman mühitinin yaradılması səylərinin nəticəsidir.
“Bu fəaliyyətin mərkəzində qadınların rahat şəkildə idmanla məşğul ola biləcəyi, onların mənsubiyyət hissini və aktiv həyat tərzinə uzunmüddətli bağlılığını gücləndirəcək təhlükəsiz və qonaqpərvər məkanların yaradılması dayanır. Bu gün gördüyümüz mənzərə, məhz bu düşünülmüş və davamlı yanaşmanın bəhrəsidir ki, artıq idman qadınlar üçün şüurlu bir gündəlik seçimə çevrilib”, — deyə Əl-Hüseyni əlavə edib.
Xaricdə yaşadığı dövrdə altı yaşından futbol oynamağa başlayan, lakin Səudiyyə Ərəbistanına qayıtdıqdan sonra idmana fasilə verməli olan Məcd Əl-Otaibi də öz idman yolundan bəhs edib.
“Səudiyyə Ərəbistanında ilk dəfə futbol oynamağa başlayanda ölkədə qadın futbolunun mövcudluğuna inana bilmirdim. İlk təəccüblənən atam oldu… O, məni və bacımı futbola yazdırdı, mən isə gələcəyə ümid bəsləyərək oynamağa davam etdim. Və həqiqətən də bu gələcək reallaşdı”.-deyə o əlavə edib.
Əl-Otaibi imkanların məhdud və daha az qəbul edildiyi keçmiş illərlə müqayisədə bu gün mövcud olan dəstəkləyici mühit arasındakı kəskin fərqi vurğulayıb:
“Əvvəlki imkanlarla indikilər arasında çox böyük fərq hiss edirəm. Çünki keçmişdə bir çox ailə qadınların futbol oynaması ideyasına çox da açıq deyildi. Lakin zaman keçdikcə bunu qəbul etdilər və bu qəbul bizə daha çox imkanların açılmasına kömək etdi. Düşünürəm ki, hər il vəziyyət daha da yaxşılaşır və Səudiyyə Federasiyası ümumiyyətlə səudiyyəli qadınların idmanda irəliləməsi üçün möhtəşəm bir iş ortaya qoyur”.
O, həmçinin yeni nəsil idmançılar üçün nikbin olduğunu və karyerasını beynəlxalq səviyyədə inkişaf etdirmək istədiyini bildirib:
“Mən yenicə başlamış və inanılmaz istedada malik bir çox gənc idmançı görmüşəm. Səudiyyəli qadınların gələcəkdə idmana nələr bəxş edəcəyini görmək üçün həyecanlıyam. Milli komandaya daha güclü qayıtmaq, ölkəmi ən yaxşı şəkildə təmsil etmək üçün Səudiyyə Ərəbistanından kənarda da oynamaq istərdim… Dünyanın ən yaxşı oyunçularından biri olmaq niyyətindəyəm”.
“Vision 2030” rəsmi internet səhifəsinin məlumatına görə, hazırda 70 000-dən çox qız məktəb liqalarında yarışır. Eyni zamanda, bu sektordakı işçi qüvvəsi də genişlənir və 1000-dən çox məşqçi qadın idmanının inkişafına dəstək verir.
Səudiyyəli padel oyunçusu Səvsən Əl-Hindi də hazırda qadınlar üçün əlçatan olan idman imkanlarına diqqət çəkib:
“Qadınların yarışması və komandaları təmsil etməsini görmək artıq normal bir hala çevrilir ki, bu da olduqca müsbət haldır. ‘Vision 2030’ strategiyasından əvvəl bu imkanlar məhdud və çətin əlçatan idi”, — deyə o “Arab News”a bildirib.
Əl-Hindi padel oynamağa 2022-ci ildə Avstraliyada təhsil alarkən, ilkin olaraq akademik təzyiqlərin öhdəsindən gəlmək üsulu kimi başlayıb və tədricən peşəkar yarışlara keçid edib. O, ötən il Səudiyyə Ərəbistanında 13-cü, Şərq vilayətində isə 1-ci pillədə qərarlaşıb.
“Bu, birdən-birə deyil, tədricən baş verən bir keçid idi. Yarışmağa başlayanda və səviyyəmin yüksəldiyini görəndə bu idmana daha ciddi yanaşmağa başladım”, — deyən Əl-Hindi ilkin mərhələdə əsas çətinliyinin özünəinam olduğunu əlavə edib:
“Matçlar zamanı çox tez inamımı itirirdim və səhvlərim üzərində həddindən artıq çox düşünürdüm. Başlanğıcda digər bir çətinlik isə birlikdə oynamaq üçün daimi bir qrup və ya icma tapmaq idi. Müntəzəm olaraq məşq etmək və matçlar keçirmək üçün düzgün insanları tapmaq həmişə asan olmurdu”.
Əl-Hindi turnirlərə və strukturlaşdırılmış yarışlara çıxış imkanının onun inkişafında mühüm rol oynadığını vurğulayıb: “Turnirlərə əlçatanlıq və rəqabət mühitinin olması böyük fərq yaratdı. Lakin eyni zamanda düzgün rəhbərliyin də rolu böyükdür. Məşqçim Lukas Tisera (Lucas Ticera) padeldə qalmağımın və inkişaf etməyimin əsas səbəbkarlarından biridir”.

