Bakı,ArabAZ
Misir prezidenti Əbdülfəttah əs-Sisi regionda iki mühüm ölkə arasında uzun müddətdir davam edən münasibətlərin yaxşılaşması fonunda bu gün (çərşənbə günü) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcək.
ArabAZ xəbər verir ki, Sisinin Türkiyəyə səfəri Ərdoğanın 2012-ci ildən sonra Misirə ilk səfərindən sonra, tərəflər arasında münasibətlərin normallaşması üçün olduqca mühum addım hesab edilir.
Səfər zamanı tərəflər arasında Türkiyə-Misir münasibətləri bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün gələcək dövrdə mümkün ortaq addımlar müzakirə olunacaq.
Misir və Türkiyə liderləri arasında görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin ərazilərinə hücumları ətrafında fikir mübadiləsi aparılacaq.
Əl-Sisinin Ankaraya günorta ikidə (GMT 11:00) çatması və axşam saat beşdə (GMT 14:00) birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
Qeyd edək ki, ötən il Türkiyə ilə Misir arasında səfir təyinatları mübadiləsi aparılıb. Ankara Qahirəni silahlı pilotsuz təyyarələrlə təmin edəcəyini açıqlayıb. Ərdoğan Qahirədə bildirib ki, iki ölkə ticarət dövriyyəsini yaxın müddətdə 10 milyard dollardan 15 milyard dollara çatdırmaq istəyir.
İki ölkə arasında enerji, müdafiə, turizm, səhiyyə, mədəniyyət və təhsil sahələrində ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi üçün 20-yə yaxın saziş imzalanacağını bildirib.