Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) sözçüsü Fərid əl-Həmid 2023-cü ilin aprelində müharibənin başlamasından bəri Sudanda itkin düşən şəxslərin sayının 11 min nəfərdən çox olduğunu bildirib. ArabAZ xəbər verir ki, o, “Əş-Şərq Əl-Avsat” qəzetinə verdiyi bəyanatda qeyd edib ki, bu rəqəm yalnız Komitə və yerli milli cəmiyyətlərdə rəsmən qeydə alınmış halları təmsil edir. Sözçünün fikrincə, real olaraq itkin düşən insanların sayı bu göstəricidən qat-qat yüksəkdir.
Əl-Həmid qeyd edib ki, münaqişənin davam etməsi əhalinin məcburi köçkünlük hərəkətini daha da kəskinləşdirib və ailə bağlarının yenidən qurulması yaxud əlaqəsi kəsilmiş yaxınlarının taleyini öyrənmək üçün yardım istəyən şəxslərin sayının artmasına səbəb olub; bu vəziyyət sözügedən müharibənin humanitar fəsadlarının geniş miqyasını və dərin ölçülərini əks etdirir.
Onun sözlərinə görə, Komitə ötən il itkin düşən qohumlarının taleyi və olduqları yerlər barədə məlumat əldə etmək, o cümlədən onların təhlükəsizliyini yoxlamaq yaxud hər hansı hərbi və ya təhlükəsizlik qurumu tərəfindən saxlanılıb-saxlanılmadığını öyrənmək üçün Sudan daxilindəki ailələrdən 1682, xaricdən isə 2200 axtarış sorğusu qəbul edib. Beynəlxalq rəsmi şəxs Qırmızı Xaç Komitəsinin indiyədək 846 itkin düşmüş şəxs barəsində ailələrə məlumatın təmin edilməsində köməklik göstərdiyini diqqətə çatdırıb.
İtkin düşən qadınlar
Öz növbəsində, Sudanın Sosial Təminat üzrə Dövlət Naziri Səlimə İshaq açıqlamasında müharibənin başlamasından bəri itkin düşən qadınların sayının 600-ü keçdiyini bildirib. Onun szölərinə görə, səlahiyyətli orqanlar itkin düşənlərin sayı barədə dəqiq məlumatların əldə edilməsində böyük çətinliklərlə üzləşirlər; çünki ailələrin böyük əksəriyyəti sırf ictimai qınaq və utanc hissi (stiqma) ilə bağlı sosial səbəblərdən gənc qızlarının itkin düşməsi barədə rəsmi məlumat verməkdən qorxurlar.
İshaq onu da bildirib ki, müharibə zamanı itkin düşən qadınların çoxu öz arxalarında müxtəlif yaşlarda olan yüzlərlə uşaq qoyublar.
Bundan əvvəl Sudan hökuməti BMT-nin Baş katibi Antonio Quterreşdən Çevik Dəstək Qüvvələrinin (HƏMƏD) olduqca pis humanitar şəraitdə saxladığı 20 mindən çox məhbusun taleyinin açılması üçün təxirəsalınmaz müdaxilə etməsini tələb etmişdi.
Minlərlə sudanlı müharibədə itkin düşən övladlarını və qohumlarını axtarmağa davam edir. 60 yaşlı Avadiyyə Abbasın oğlu Mübarək, Çevik Dəstək Qüvvələrinin paytaxt Xartumu nəzarətə götürdüyü dövrdə bəzi ehtiyacları satın almaq üçün yola çıxarkən həmin qüvvələr tərəfindən həbs edilib və ana onun məcburi yox çıxmasından keçən təxminən iki ilə yaxın müddətdir ki, oğlunu axtarmağa davam edir.
“Onun taleyini, sağ və ya ölü olduğunu bilmirəm. Bu dünyada yeganə arzum ölməmişdən əvvəl onu görməkdir.Hər an qapıdan içəri girəcəyini gözləyirəm… Lakin o, indiyə qədər geri qayıtmayıb.”-deyə o qeyd edib.
Xartumda yerləşən saxlanılma mərkəzlərində minlərlə məhbus həmçinin hər cür fiziki və psixoloji işgəncələrə məruz qalıb; bunu Xartumdakı evindən aparıldıqdan sonra itkin düşən bir qızın qardaşı bildirib. O qeyd edib ki, onunla əlaqənin 8 aydan çox kəsilməsinə baxmayaraq, ailə hələ də hər an onun geri qayıtmasını gözləyir.
Yüzlərlə mülki şəxs, xüsusən də gənclər, Çevik Dəstək Qüvvələrinin ölkənin mərkəzindəki Xartum və Əl-Cəzirə vilayətlərində nəzarət etdiyi ərazilərdə qurduğu yoxlama məntəqələrində ailələrinə heç bir məlumat verilmədən həbs ediliblər; eyni zamanda onların böyük bir qisminin işgəncə və qəsdən aclıqdan məhv edilmə həbsxanalarında öldürüldüyünə dair xəbərlər qeyd olunur.

