Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Suriyada proseslərin gələcəkdə necə inkişaf edəcəyi barədə dəqiq proqnoz vermək çətin olsa da, hazırkı situasiyadan çıxış edərək bir neçə ehtimal irəli sürmək mümkündür. İlk növbədə qeyd etmək lazımdır ki, Rusiya ilə Qərb arasındakı strateji balansın Ukrayna və Suriya üzərindən formalaşması məsələsində fərqli yanaşmalar mövcuddur. Rusiya, Ukraynanı öz təsir dairəsi kimi tanıdılması qarşılığında Əsəd rejimindən qismən və ya tam çəkilə bilər. Hazırda müşahidə olunan budur ki, Rusiya bu prosesdə yalnız qismən çəkilmə mövqeyi nümayiş etdirir.
Hazırda Suriyada üç əsas aktor var: Əsəd rejimi, müxaliflər və PYD. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyini analiz etmək üçün ehtimallar üzərində işləmək lazımdır. Bu isə həm obyektiv yanaşma, həm də şəxsi simpatiyalardan uzaq qalmağı tələb edir.
Məlumdur ki, Suriyada Heyət Təhrir əş-Şam (HTŞ) adlı islamçı qrup mövcuddur. Son dövrlərdə Türkiyə ilə bu qrup arasında müəyyən təmaslar baş vermişdir, lakin bu təmaslar situativ xarakter daşıyır. Türkiyə HTŞ-ni hüquqi baxımdan terror təşkilatı kimi tanıyır və bu mövqeyi milli maraqlarına əsaslanır. Türkiyənin dövlət siyasəti, 1923-cü ildən bəri müəyyən edilmiş xətt üzrə davam edir və bu çərçivədə HTŞ ilə münasibətlərin gələcəkdə də terrorçu bir qrup kimi dəyərləndirilməsi gözlənilir.
Bununla yanaşı, HTŞ-nin xarakterinin dəyişmədiyi və potensial olaraq İŞİD-ləşdirilmə təhlükəsi olduğu da qeyd edilməlidir. Qlobal oyunçular – Rusiya, ABŞ, Qərb və hətta İran – HTŞ-nin güclənməsinin qarşısını almaqda həmrəydir. HTŞ-nin Suriyada İsrail sərhədinə çıxmasına imkan verilməməsi məsələsində konsensus var.
Proseslərin intensiv döyüşlərə keçməsi halında Suriyada yeni bir vətəndaş müharibəsinin başlaması ehtimalı yüksəkdir. Bu müharibədə Suriya Milli Ordusu (SMO) ilə HTŞ arasında qarşıdurmalar baş verə bilər. Bu, müxalifətin irəliləyiş tempini zəiflədə və sahədə digər oyunçuların yenidən güclənməsinə şərait yarada bilər.
Digər mühüm məsələ, Suriyadakı proseslərin Qəzza ilə əlaqəsidir. Qəzzadakı vəziyyət və beynəlxalq reaksiyalar Suriyadakı vəziyyətə də təsir göstərə bilər. Türkiyə, hazırkı mövqeyini qoruyaraq, Suriyada öz maraqlarını möhkəmləndirəcəkdir. İran isə, öz ənənəvi yanaşmasını davam etdirərək, sahədəki oyunçuların bir-birini tükətməsini gözləyəcəkdir. İranın bu “gözləmə taktikası” əvvəlki illərdə İraq və Suriya münaqişələrində də müşahidə olunmuşdur. İranın stili budur. İraqda da belə etdi, birinci Suriya savaşında da. İraqda İŞİD az qala paytaxta girdiyi zaman, gözlədi ki, dünya da İŞİD-ə qarşı koalisisya qursun. Sonra işə qoyuldu. Suriyada da Əsədin dizi yerə gələnə yaxın hərəkətə keçdi. İndi də baxacaq ki, nə zaman Qərbdən sədalar gələcəkdir: “Biz İslamçıların güclənməsindən narahatıq”. Digər tərəfdən də Türkiyə deyəcəkdir: “Biz Suriyenin meşru küvvetlerini destekliyoruz ve terörün dini olmadığını bəyan ediyoruz”.
Nəticə etibarilə, Suriyada uzunmüddətli status-kvo mümkün görünmür. Regional və beynəlxalq aktorların maraqları arasında ciddi ziddiyyətlər qalmaqdadır. Gələcəkdə Suriya xalqı yenidən ağır itkilərlə üzləşə bilər, çünki böyük güclərin prioritetləri, təəssüf ki, onların humanitar ehtiyaclarından üstün tutulur.
Bu ssenarilərimi bir yerə yazın.
P.S. artıq Hələbdə HTŞ və SMO arasında ilk problemlərin rüşeymlərindən səslər gəlir.