Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Əsədin getməsi ilə daha bir era bağlandı. Əsəd öz hakimiyyətini qoruya bilmədi. Qəddafinin çıxışına gülən Əsəd, deməli, artıq onun da qələmi qırıldı. Bu mənzərəni Yaxın Şərqdə 1991-ci ildən görməyə başladıq. Səddamı iki mərhələdə bitirdilər. Birinci mərhələdə ölkəsi üzərində suverenliyini məhdud etdilər. Şimalda kürd muxtariyyəti qurdular. İkinci mərhələdə 2003-cü ildə ölkəsinə müdaxilə etdilər. Heykəlləri uçuruldu, kütlənin sevinci dünya mediasına yansıdı. Daha sonra hakimiyyətə radikal şiə hökuməti gətirildi. O da özündə yavaş-yavaş radikal sünni qrupların yaranmasına səbəb oldu. Ölkədə xarici müdaxilə, müəmmalı həbsxanalar. Heykələ külüng vuranın bu günlərdə müsahibəsinə baxdım. Deyir ki, heyf, gərək vurmazdım. Səddamın günahı yox idimi? Əlbəttə var idi. Səddam bir tərəfdə şiələrə, bir tərəfdə kürdlərə, bir tərəfdə də türkmənlərə zülm etmişdi. Şəxsiyyətinə vurğun idi. Ancaq Səddamın qələmini İraq xalqının qayğısına qaldıqları üçünmü qırdılar? Səddam sonrası mərkəzi hakimiyyəti Şimali İraqa nəzarət edə bilmədi. Yadımdadır, 2008-ci ildə Həccdə idim, İraq Kürdüstanından zəvvarların köynəklərində İraq bayrağı yox idi. Muxtariyyət bayrağı var idi. Sonra da İŞİD təcrübəsi yaşandı. Həşdi Şəbi təcrübəsi yaşandı. Bu illər ərzində diametral ziddiyyətə malik İran və ABŞ İraqda faktiki hakimiyyəti böldülər. İndi gələk Əsədə. Əsəd bir diktator idi. Amma ərəb baharı başlayana qədər də diktator idi. Düzdür, onun yeni hakimiyyətə gəldiyi dövrdə müəyyən ümidlər yaranmışdı. Hətta bir Suriya cumhur rəisi ilk dəfə olaraq İstanbula gəlmişdi. Lakin sonra Ərəb baharı Əsədə də çatdı. 2010-2017-ci illər Əsədin bitirilməsinin birinci mərhələsi idi. Əsəd İran və Rusiyanın dəstəyi, Amerikanın müvəqqəti faktiki razılığı ilə hələ hakimiyyətdə qaldı. Amma bəzi bölgələrdə YPG-nin, bəzi yerlərdə ÖSO-nun varlığı ilə razılaşmalı oldu. 2024-də Əsədin bitirilməsinin ikinci mərhələsi start götürüldü. Bunun subyektiv və obyektiv səbəblərini yazacağam, Allah nəsib edərsə. Əsəd öz qədərini yaşadı. Xalqı ilə həmahəng ola bilmədi. Mən bircə onu bilirəm: Yaxın Şərqin təcrübəsində bir ölkədə xarici müdaxilənin nəticəsində hansısa bir diktator getdisə, ondan sonra bölünmə, korrupsiyalı hökumətlər gəldi. Ümumiyyətlə, qiyamlar, xarici iştiraklar, onlardan asılı olan silahlı qruplar nə vəd edir? Bunu da tam başqa yazıda. Ölkəmin isə daim əmin-aman, istənilən xarici müdaxilədən qorunmuş, asayişin daim dinc olmasını Allahdan istəyirəm. Əmin-amanlıq çox önəmlidir, çox… Əksini söyləyən mənə bir misal versin ki, müxtəlif etnikli, məzhəbli hansı Yaxın Şərq ölkəsi göstərin ki, qiyam sonrası orada günəş doğdu. Suriya = müxaliflər, YPG, xristiyanlar, durzilər və s…. Elə bir fikir yaranmasın ki, Əsəd mənim xoşuma gəlirdi.