Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
Bu yazını hazırlamazdan əvvəl bəzi müsahibələri, xüsusən Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın müsahibəsini dinlədim. Hakan Fidanın müsahibəsində ifadə etdiyi bir məqam diqqətəlayiqdir. Onun sözlərinə görə, “bölgə ölkələrinə təhlükə yaratmayan bir Suriya istəyirik.” Burada diqqət yetirmək lazımdır ki, Suriya hansı ölkələrlə sərhədə malikdir. Bu ölkələrdən biri Türkiyədir, digəri isə Livandır. Burada isə İranın təsiri Hizbullah durduqca vardır Maraqlı məqamlardan biri odur ki, Cövlani çıxışlarında İran haqqında heç də yumşaq danışmır. Əksinə, ən böyük qələbənin İran üzərində əldə edildiyini vurğulayır.
Bölgənin digər ölkəsi İsraildir. İsrail, müxalifət Əsədi devirdikdən sonra Golan təpələri istiqamətindən Suriyaya daxil olmuşdur. Həyata keçirdiyi aviasiya bombalamaları nəticəsində Suriyanın hərbi infrastrukturunun əksər hissəsi məhv edilmişdir. Bundan əlavə, İsrail bölgədə durziləri təşkilatlandırmaq və xristian əhalinin varlığına diqqət çəkmək siyasəti yürüdür.
Yenidən Hakan Fidanın sözlərinə qayıtsaq, o, PKK-YPG-PYD qruplarını başqa bir əsas oyunçu kimi qeyd edir. Onun fikrincə, PYD-YPG bir zamanlar öz mövqeyini rejimin, iranlıların və rusların olduğu reallıq əsasında qurmuşdu. Lakin bu gün həmin reallıq dəyişmişdir. Artıq nə iranlılar, nə ruslar, nə də rejim bu qrupların yanında deyil. Fidanın ifadələrinə əsasən, yaranmış yeni reallıq ABŞ-ın YPG-ni əvvəlki kimi dəstəkləməyəcəyini göstərir. Hətta o da qeyd edir ki, yaxşı təklif qarşılığında ABŞ YPG-ni dəstəkləməkdən geri çəkilə bilər.
Burada önəmli bir məqamı vurğulamaq istərdim: bölgədəki oyunçulardan Türkiyə, ABŞ və İsrail dövlət iradəsini təmsil edir. Bu dövlətlər qərarlarını müvafiq analitik qurumların təhlilləri əsasında qəbul edirlər və onların texniki, maddi və resurs imkanları mövcuddur. Digər tərəfdən, YPG-PYD və yeni hakimiyyət kimi oyunçular dövlət aktorlarından asılıdırlar və onların yardımına ehtiyac duyurlar. Bu səbəbdən sərbəst davranmaq imkanları məhduddur.
Bununla belə, YPG-nin bəzi hazırkı və keçmiş rəhbərlərinin müsahibələri göstərir ki, bu qurum əldə etdiyi uğurları itirmək istəmir. YPG hesab edir ki, 2011-ci ildən bu yana Suriya daxilində özünüidarə sistemi qurmuşdur və bu reallığı heç kim dəyişə bilməz.
Suriyanın siyasi hakimiyyəti və siyasi coğrafiyası ABŞ, Türkiyə və İsrail arasında bir savaş meydanına çevrilmək üçün dəyişdirilməmişdir. Əsl səbəb Əsəd rejiminin zülmü idi, lakin burada əsas məsələ daxili səbəblər deyil, böyük və regional aktorların maraqlarıdır. Bu gün Suriyada yeni təhlükəsizlik və iqtisadi sistem formalaşır. Müəyyən sabitlik təmin edildikdən sonra beynəlxalq və yerli sərmayə Suriyaya daxil olacaq. Bu, ya Suriyanın yenidən qurulması, ya da qeyri-dövlət aktorlarına silah və maddi yardım şəklində olacaq.
Reallıq budur ki, əvvəlki kimi iqtisadiyyatı, orta burjuaziyası və ixrac potensialı olan Suriya artıq mövcud olmayacaq. Yeni Suriya beynəlxalq və yerli sərmayədən, həmçinin digər dövlətlərin dəstəyindən asılı vəziyyətdə olacaq.
Diqqəti çəkən başqa bir məqam isə yeni hakimiyyətin ağır silahlara, aviasiyaya və gəmilərə malik olmayacağıdır. Onun silahlı qüvvələri, sadəcə, daha təkmilləşdirilmiş milislərdən ibarət olacaq. Əslində, Suriyada ağır silahların və aviasiyanın qalması nə böyük, nə də regional aktorların maraqlarına uyğun gəlir. Bu, onların strategiya və taktikaları baxımından tamamilə anlaşılandır. Hər bir aktor öz maraqlarını qorumağa çalışır.
Previous ArticleSuriyanın vəziyyəti heç bir yeni münaqişəyə girməyə imkan vermir
Next Article Türkiyə Suriya ordusuna təlim verməyə hazırdır
Əlaqəli xəbərlər
Şərh əlavə et