Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İran tərəfinin müraciəti əsasında çərşənbə axşamı Qətərin paytaxtı Dohada mühüm görüşün keçiriləcəyini bəyan edib. Ağ Evdən verilən rəsmi məlumata görə, bu strateji danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkof və Trampın kürəkəni Cared Kuşner iştirak edəcəklər. ArabAZ xəbər verir ki, Yyüksək səviyyəli diplomatik təmaslarla paralel olaraq hərbi və logistik sahədə texniki müzakirələrin də aparılması planlaşdırılır.
Lakin rəsmi Tehran bu görüşlə bağlı fərqli və müəmmalı mövqe nümayiş etdirir. İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bəyanat yayaraq, yaxın günlərdə ABŞ tərəfi ilə hər hansı rəsmi danışıqların planlaşdırılmadığını iddia edib. O, İranın texniki nümayəndə heyətinin bu həftə Qətərə səfər edəcəyini təsdiqləsə də, bunun amerikalı rəsmilərin səfəri ilə heç bir əlaqəsinin olmadığını irəli sürüb. Bəqayi həmçinin əlavə edib ki, Tehran yekun saziş üzrə hələlik heç bir danışıqlara başlamayıb və hazırda İran üçün əsas prioritet ABŞ ilə imzalanmış müvəqqəti anlaşma memorandumunun bəzi ilkin bəndlərinin tam icra olunmasıdır.
Buna baxmayaraq, “Reuters” agentliyi yüksək rütbəli iranlı mənbəyə istinadən çərşənbə axşamı Dohada mühüm görüşün baş tutacağını tam təsdiqləyib. Mənbə qeyd edib ki, bu görüş əvvəllər İsveçrədə keçirilən texniki müzakirələrdən tamamilə fərqlənəcək və əsas diqqət Hörmüz boğazının birgə idarə olunmasına, həmçinin regional hərbi gərginliyin azaldılmasına (de-eskalasiya) yönəldiləcək.
Digər tərəfdən, İran Fransa hökumətinə də xəbərdarlıq edərək, rəsmi Parisdən Hörmüz boğazındakı vəziyyəti çətinləşdirməməyi tələb edib. Bu reaksiya Fransa Prezidenti Emmanuel Makron və Oman Sultanı Heytəm bin Tariq arasında boğazda minalardan təmizləmə əməliyyatlarının aparılmasını nəzərdə tutan birgə bəyanatdan sonra verilib. İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi özünün rəsmi “X” hesabında “Makron tərəfdaşları ilə birlikdə Hörmüz boğazında minalardan təmizləmə işlərində əməkdaşlıq etdiyini bildirib. Lakin Vaşinqton və Tehran arasında imzalanmış anlaşma memorandumuna əsasən, bu məsələ müstəsna olaraq İrana məxsusdur və biz başqa bir dövlətin bura müdaxiləsinə qətiyyən icazə verməyəcəyik. Regionda vəziyyət olduqca həssas və mürəkkəbdir, Fransaya məsləhət görürük ki, bu cür təxribat xarakterli addımlarla vəziyyəti daha da gərginləşdirməsin”.-deyə yazıb.

