Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
ABŞ-də prezident seçkiləri keçirildi. Bu seçkilərdə ikinci dəfə Tramp prezident seçildi. Yenə biz şərh edirik. Danışırıq və yazırıq.
Amma hər şeyin alqoritmləri vardır. İnsanın içində olduğu prosesin də alqoritmləri vardır. Tramp bir iş adamı, milyarderdir. Deməli, yaxşı pulu vardır. Bu pulu necə qazanıbdır. 1945-ci ildən sonra formalaşan və dollara indeksasiya edilən dünya iqtisadi sistemində qazanıbdır. Bu sistem dünya iqtisadiyyatının mərhələlərlə qloballaşmasına yönəlmişdi.
Elə də oldu. Nəinki dünya iqtisadiyyatı, hətta dünya səhiyyəsi, siyasəti, incəsənəti də unifikasiya olundu. Yəni, vahidləşdi. Bunun üçün mərkəzi ayar lazım idi. Qloballaşma ABŞ-yə ayarlanacaqdı. Yəni, onun istehsal etdiyi brendlər, yaşam tərzi, sosial düşüncə vahid dünya üçün əsas olacaqdı. Olmadımı? Əlbəttə ki, oldu. Hamımız kola içirik ( burada şəxsimi çıxıram), hamımız ABŞ-nin məhsulu olan sosial şəbəkələrdə danışırıq, paylaşırıq, hamımız, hamımız, hamımız. ABŞ-də formalaşan şirkətlər bu gün transmilli nəhənglərdir.
Onların maliyyə gücü bir çox dünya dövlətindən çoxdur. Ümumiyyətlə, 1913-cü ildə federal resurslar, yəni, Amerika büdcəsi ki, bu büdcə dövlətin inhisarında deyildir, yaranandan ABŞ artıq qitəsindən çıxdı. Və dünya dövləti olmağa başladı. Dünya iqtisadiyyatı bu gün ABŞ iqtisadiyyatına ayarlanmışdır. Bununla belə hər şey yolunda deyildir. Nə üçün? Amerikada yaranan bu dünya şirkətləri ucuz işçi qüvvəsi səbəbi ilə dünyanın bir çox yerində istehsalını genişləndirir.
Bu isə Amerikanın daxilində işsizlik və digər problemlərə səbəb olur. Əlbəttə ki, mən demirəm amerikalılar acdır. Xeyr, qətiyyən. Tam da durum əladır. Amma iqtisadiyyatın dili başqadır. İstehsal daxildən çıxdıqca dövlətin imkanları getdikcə zəifləyir. Ancaq bunu sadəcə mütəxəssislər görə bilirlər. Belə bir məqamda hakimiyyətə yenə də Tramp gəldi.
Milyarder, Rusiya Prezidenti Putinə və Ərdoğana simpatiyasını gizlətməyən bir şəxs. Maraqlı, situasiyadır. Türkiyə Prezidenti Ərdoğan ona “Dostum” deyir. Rusiya Prezidenti Putin Trampı real söhbət adamı hesab edir. Digər tərəfdən Tramp Rusiya ilə yaxıınlaşaraq ABŞ-ı Avrasiyadan və Mərkəzi Asiyadan Uzaq tutmaq istəyən Çinlə iqtisadi müharibə aparır. Avropalıları çox sevmir. Eyni zamanda, Ərdoğanın ən ağır ifadələrlə səciyyələndirdiyi Natanyahu ilə dostdur. Qəribə bir labirintdir.
Ərəb monarxları da Trampla münasibətlərlər pis deyillər. Baxmayaraq ki, adam demişdi ki, Səudiyyə krallığı bizim hesabımıza ayaqda durur. İranı da sevmir, Tramp müəllim. Təbii ki, bu İranla bu və ya digər şəkildə Yaxın Şərqdə bir işləyən assimetrik oyunçuları da narahat edir. İndi necə olacaqdır? Ortada da bir böhran vardır. Qəzza böhranı. Bu gün İslam ümmətinin və dünyada müharibə əleyhdarı ictimaiyyətin diqqət mərkəzində olan Qəzza. Hansı ssenarilər vardır. Ola bilər ki, Tramp İsrailə təbii ki, hərbi dəstəyi davam etdirəcəkdir.
Türkiyə Prezidenti Ərdoğan vasitəsi ilə isə HƏMAS-ı atəşi dayandırmağa vadar etmək istəyəcəkdir. Daha sonra yenə Ərəb dövlətləri ilə birlikdə İranla bağlı planlar quracaqdır. Ukraynada savaşı bitirib, Ukraynanın şərqinin Rusiyada qalmasını ( bunu müharibə başlayandan demişəm ) de fakto duruma gətirəcəkdir. Və bütün diqqətini Yaxın Şərqə, bəlkə də HƏMAS-ın ləğvinə, Fələstində Abbas hökümətinin gücləndirilməsinə, Çinin iqtisadi sıxışdırılmasına, Rusiya ilə yumşalmaya gedəcəkdir. Yaşayaq görək. … O ki, qaldı müsəlman dünyasına…. Bəli, müsəlmanlar hələ Müsəlman Dünyası adlanır… Yəni……….