Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti
Bir daha sizə bir iqtibas təqdim etmək istərdim. Bu iqtibas Azərbaycan Dövlət Başçısı Cənab İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsindəndir: “Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir”.
Sual yarana bilər ki, nə üçün mən artıq ikinci yazıdır ki, bu müsahibəyə istinad edirəm. Çünki Dövlət Başçısı birbaşa dünya prosesinin içərisindədir. Prosesdən bizim kimi nəzəri deyil, praktiki məlumat sahibidir. Bizim üzərimizə düşən isə həmin təqdim edilən təcrübələr üzərində yeni təcrübələrə yol açacaq nəzəriyyələr hazırlamaqdır.
Bəli, artıq dünya köhnə nizamdan yorulubdur. Nə üçün? Çünki bu nizam bir neçə mərhələdə yaranma, yüksəlmə, yenilənmə və inkişaf dövrləri yaşadı. İkinci dünya müharibəsinin bitməsi ilə dünyanın böyük hissəsi çökdü. Avropa, Asiya və Afrikada hərbi əməliyyatlar getdi. Britaniya, Fransa, Sovet İttifaqı, Çin kimi ölkələrin iqtisadiyyatı darmadağın oldu. Hamının iqtisadiyyatını bərpa etməsi üçün pula ehtiyacı oldu. Pul isə kimdə idi? ABŞ-da. ABŞ ikinci dünya müharibəsindən uduşla çıxmışdı. Həm silah satmışdı, həm də borc vermişdi.
Yeni dünyaya iqtisadiyyatı zədələnməmiş birinin puluna indekslənmiş yeni düzən lazım idi. Bu da ABŞ oldu. Dünya iqtisadiyyatı dollara indeksləndi. Lakin bir müddət keçdi. SSRİ, Britaniya, Fransa özlərini bərpa edib dünya piroqunda öz paylarına iddia etməyə başladılar. Ancaq əvvəlki yerlərini tuta bilmədilər. Hər nə qədər həmin dövrə iki qütblü dövr desək də, əslində elə həmin dövr də bir qütblü idi.
Bir məsəldə deyildiyi kimi, “kim pul verirsə, o da şampan içir”. Pulu isə dünyaya ABŞ verirdi. Digər qlobal oyunçular isə sanki bankdan kredit alıb onu tez-tez problemə salan kreditorlar idi. Doğrudur, Britaniya və Fransa da dünyanın maliyyə mərkəzlərindən sayıla bilərdi. Fəqət burada bir məqam vardır. Dünya dollar iqtisadiyyatı üzərində qurulmuşdu. ABŞ əslində beynəlxalq transmilli sərmayənin maraqlarını təmsil edirdi.
Beynəlxalq transmilli sərmayə isə dövlətüstü oyunçu olmaqda maraqlı idi. Ona görə dünya dövlət təsisatlarının getdikcə zəiflədilməsi prosesinə daxil oldu. Xüsusilə qlobal internet şəbəkəsinin yaranması, daha sonra dövlətlərin qurumlarının bu şəbəkəyə inteqrasiyası baş verdi. Bunun əlbəttə ki, müsbət nəticələri də vardı. Məlumatın sürətli ötürülməsi bütün istiqamətlərdə işi sürətləndirir.
Lakin dövlət qurumlarının məlumatlarını da kövrək bir hala gətirə bilir. Hər hansı bir sistem xətası və qlobal texnoloji problem dövlətlərin ciddi müşküllərlə üzləşməsinə gətirib çıxara bilər. Yəni, beynəlxalq transmilli sərmayənin manipulyasiya imkanları olduqca çoxdur.
Buna qarşı isə dövlətçi düşüncə çıxış edir. Dövlətçi düşüncə qloballaşmaya qarşı olan düşüncədir. Çünki qloballaşmanın sonunda nəyə gətirib çıxara biləcəyi məchul bir məsələdir. Qloballaşma dəccaliyyəti xatırladır. Başlanğıcda xeyirli görünsə də, sonda fəlakətə gətirib çıxara bilər.
Bir də bəşəriyyətin yaradılış kodlarına ziddir. Bəli, belə bir ortamda milli və dini həssaslıqları olan insanların da marağında dövlətçi xəttin üstünlüyü olmalıdır. Bu sanki bizə Rum surəsi altında verilən mesajları xatırladır.