Qətər Turizm İdarəsinin marketinq qolu olan “Visit Qatar”, 2026-cı ilin yay mövsümü üçün genişmiqyaslı “Hala Summer” kampaniyasının start verdiyini elan edib. Bu kampaniya həm yerli sakinlər, həm də beynəlxalq turistlər üçün Qətəri yay aylarında cəlbedici bir məkana çevirmək məqsədi daşıyan çoxşaxəli proqramdır.
ArabAZ xəbər verir ki, “Hala Summer” kampaniyası çərçivəsində ölkə boyu müxtəlif əyləncə tədbirləri, ailəvi festivallar, lüks hotellərdə xüsusi endirimlər və alış-veriş mərkəzlərində geniş aksiyalar təşkil olunacaq. Kampaniyanın əsas hədəfi Qətərin zəngin mədəni irsini müasir əyləncə imkanları ilə birləşdirərək ziyarətçilərə unudulmaz yay təcrübəsi yaşatmaqdır.
Rəsmilərin bildirdiyinə görə, bu ilki proqramda su parkları, qapalı əyləncə mərkəzləri və dəniz kənarındakı istirahət zonaları xüsusi yer tutur. “Visit Qatar” həmçinin regional turistləri, xüsusilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrindən olan qonaqları cəlb etmək üçün xüsusi paketlər hazırlayıb. Bu strateji addım Qətərin ilboyu turizm mərkəzi kimi mövqeyini möhkəmləndirmək və iqtisadiyyatın şaxələndirilməsinə töhfə vermək məqsədi daşıyır.

