ABŞ-ın energetika naziri Kris Rayt (Chris Wright) Texasın Sabin Pass bölgəsində yerləşən “Golden Pass LNG” layihəsini ziyarət edib. “QatarEnergy” tərəfindən edilən rəsmi bəyanatda bildirilir ki, nazir Raytın layihə sahəsinə etdiyi turu da əhatə edən bu səfər, mayeləşdirilmiş təbii qazın (LNG) qlobal iqtisadi artım və inkişafdakı artan rolunu, həmçinin Qətər ilə ABŞ arasındakı bu tərəfdaşlığın qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm dəyəri bir daha nümayiş etdirib.
ArabAZ xəbər verir ki, səfəri şərh edən Qətərin energetika məsələləri üzrə dövlət naziri, “QatarEnergy” şirkətinin prezidenti və baş direktoru Səd bin Şeridə Əl-Kəabi bildirib ki, : “Nazir Kris Raytın ABŞ-dakı ən böyük investisiya layihəmizə etdiyi bu səfərdən böyük məmnunluq duyuruq. Bu layihə ölkələrimiz arasındakı güclü münasibətlərin və onilliklər boyu paylaşdığımız strateji enerji tərəfdaşlığının bariz təcəssümüdür”.
: “’ExxonMobil’ ilə tərəfdaşlıq çərçivəsində və ABŞ hökumətinin dəstəyi ilə həyata keçirilən ‘Golden Pass LNG’ layihəsi ‘QatarEnergy’nin qlobal enerji sektorundakı mövqeyini gücləndirir, iqtisadi artımı stimullaşdırır və ABŞ-ın enerji və iqtisadi siyasətinin əsas hədəflərinə mühüm töhfə verir. Bu layihəyə göstərdikləri dəyərli dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə və Texas Ştatının Qanunverici orqanına, həmçinin strateji tərəfdaşımız ‘ExxonMobil’ şirkətinə, ‘Golden Pass LNG’nin bütün çalışanlarına və podratçılarına göstərdikləri böyük səylərə görə təşəkkür edirəm”.-deyə Əl-Kəabi əlavə edib.
Məlumat üçün bildirək ki, “Golden Pass LNG” layihəsi quraşdırılan 3 əsas istehsal xətti (trains) tam gücü ilə fəaliyyətə başladıqda ildə 18 milyon tona qədər (MTPA) LNG istehsal etmək potensialına malik olacaq. Artıq 1-ci istehsal xəttində (Train 1) hasilata başlanılıb və ilk LNG yükü 2026-cı ilin aprel ayında “QatarEnergy” şirkətinə məxsus “Al-Qaiyyah” adlı LNG gəmisinə təhlükəsiz və uğurlu şəkildə yüklənərək ixrac edilib.
Qeyd edək ki, “Golden Pass LNG” layihəsi “QatarEnergy” (70%) və “ExxonMobil” (30%) tərəfdaşlığı ilə idarə olunur. Hər iki tərəfdaş layihənin inkişafı ilə bağlı yekun investisiya qərarını 2019-cu ilin fevralında elan etmişdilər.

