Türkiyənin qabaqcıl peyk rabitə həlləri təminatçısı olan PROFEN şirkəti ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos arasında İstanbulda keçirilən “SAHA Expo 2026” sərgisi çərçivəsində peyk tutumundan istifadəyə dair mühüm əməkdaşlıq razılaşması imzalanıb.
Bu strateji sənədə əsasən, PROFEN şirkəti Azerspace-1 və Azerspace-2 peyklərinin texniki imkanlarından yararlanaraq Türkiyə, Avropa, Yaxın Şərq və Afrika regionlarında genişmiqyaslı peyk rabitə xidmətləri göstərməyi hədəfləyir.
ArabAZ xəbər verir ki, əməkdaşlıq planına uyğun olaraq, PROFEN-in Konya və Ankara şəhərlərində yerləşən müasir yerüstü stansiya infrastrukturu ilə Azərkosmosun orbitdəki mövcud peyk resurslarının inteqrasiyası həyata keçiriləcək. Bu tərəfdaşlıq həmçinin mobil rabitə, xüsusilə də hava nəqliyyatında uçuşdaxili internet (In-Flight Connectivity) və dənizçilik sahəsində peyk bağlantısı kimi innovativ istiqamətləri də əhatə edir.
Bu əməkdaşlığın əsas məqsədi regionda sürətlə artan internet və kəsintisiz rabitə ehtiyaclarına daha çevik, etibarlı və yüksək keyfiyyətli həllər təqdim etməkdir. Qeyd edək ki, PROFEN peyk rabitə texnologiyaları, yer seqmenti infrastrukturu və sistem inteqrasiyası üzrə ixtisaslaşmış, quru, hava və dəniz platformaları üçün rabitə həlləri təklif edən Türkiyə mənşəli qlobal texnologiya şirkətidir. Azərkosmos isə 2010-cu ildən bəri Azərbaycanın kosmos sənayesinin lokomotivi rolunu oynayır. Hazırda orbitdəki Azerspace-1 və Azerspace-2 telekommunikasiya peyklərini idarə edən qurum Avropa, Asiya, Afrika və Yaxın Şərqin 45-dən çox ölkəsinə peyk xidmətləri ixrac edir. Bu yeni razılaşma hər iki ölkənin kosmik potensialının birləşdirilməsi və regional rəqabət qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

