İraq hökuməti ölkənin hava hücumundan müdafiə imkanlarını əsaslı şəkildə gücləndirmək məqsədilə Türkiyədən 20 ədəd müasir hava müdafiə sistemi almaq üçün rəsmi razılığa gəlib. ArabAZ-ın verdiyi məlumata görə, Bağdad rəhbərliyi xüsusilə dövlət iqtisadiyyatının onurğa sütunu olan neft yataqlarını, həmçinin diplomatik nümayəndəlikləri və digər mühüm strateji obyektləri qorumaq üçün Türkiyə müdafiə sənayesinin məhsullarına üstünlük verib.
İstanbulda keçirilən “SAHA EXPO” müdafiə sərgisində çıxış edən İraq Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Saad Hərbiyə bildirib ki, hazırda ölkənin hava məkanında pilotsuz uçuş aparatları (PUA) ciddi təhlükə yaradır və yeni alınacaq sistemlər bu təhdidlərin qarşısının alınmasında həlledici rol oynayacaq.
İraq rəsmisi Türkiyə istehsalı olan sistemlərin yüksək texnoloji keyfiyyətini xüsusi vurğulayaraq, aşağı maliyyət və yüksək effektivliyin seçimdə əsas amillər olduğunu qeyd edib. O, həmçinin iki qonşu ölkə arasındakı sıx münasibətlərin bu hərbi əməkdaşlığa müsbət təsir etdiyini bildirib.
Razılaşmanın maliyyə detalları gizli saxlanılsa da, sistemlərin Türkiyənin dövlət müdafiə sənayesi müəssisələri tərəfindən təmin ediləcəyi dəqiqləşib. Ekspertlərin fikrincə, son aylarda bölgədə raket və PUA hücumlarının artması, İraqın neft yataqları və diplomatik zonalarının hədəf alınması bu addımı zərurətə çevirib. Xüsusilə ənənəvi bahalı hava müdafiə sistemlərinin ucuz PUA-lara qarşı tətbiqinin yaratdığı maliyyə balanssızlığı Türkiyənin təklif etdiyi çevik və iqtisadi cəhətdən sərfəli həllərlə aradan qaldırılacaq.
Hərbi sahədəki bu əməkdaşlıq təkcə fiziki müdafiə ilə məhdudlaşmır; tərəflər həmçinin kiber təhlükəsizlik və regional təhlükəsizlik koordinasiyasının genişləndirilməsi barədə də razılığa gəliblər. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə general-leytenant Saad Hərbiyə arasındakı görüşdə təhlükəsizlik sahəsində koordinasiyanın artırılması istiqamətində mühüm qərarlar qəbul olunub. Mütəxəssislər hesab edirlər ki, Türkiyə və İraq arasında dərinləşən bu müdafiə tərəfdaşlığı həm regional sabitliyə, həm də “İnkişaf Yolu” layihəsi kimi irimiqyaslı iqtisadi təşəbbüslərin təhlükəsizliyinin təmin edilməsinə fundamental töhfə verəcək.

