Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli dəmir yolu şəbəkəsinin operatoru “Etihad Rail”, sərnişin qatarları xidmətinin ilk mərhələsinin iyunun 30-da Əbu-Dabi və Füceyrə stansiyaları arasında fəaliyyətə başlayacağını elan edib. Ümumi sərnişin daşınması şəbəkəsinin rəsmi və tammiqyaslı açılışı isə 30 sentyabr 2026-cı il tarixinə planlaşdırılıb.
ArabAZ xəbər verir ki, bu tarixi bəyanat Əbu-Dabinin vəliəhd şahzadəsi və Əbu-Dabi İcraiyyə Şurasının sədri Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanın Əbu-Dabi şəhərində, Məhəmməd bin Zayed Siti rayonunda yerləşən yeni sərnişin qatarı stansiyasının açılışını etdiyi zaman verilib.
Şeyx Xalid yeni vağzalın infrastrukturu, məlumat idarəetmə sistemləri, əməliyyat hazırlığı prosedurları və pik saatlarda sərnişin sıxlığının tənzimlənməsi mexanizmləri ilə yaxından tanış olub. Yeni sərnişin stansiyalarında beynəlxalq brendlərin kafeləri, restoranlar və pərakəndə satış nöqtələri fəaliyyət göstərəcək. Bundan əlavə, qatarların daxilində də sərnişinlərə iaşə xidmətləri təklif olunacaq.
Bilet satışı iyunun 23-dən başlayıb
Əbu-Dabi – Füceyrə marşrutu üzrə biletlərin qiymətləri aşağıdakı kimidir:
Komfort klas (Comfort Class): 55 Dh (BƏƏ dirhəmi)
Premium klas (Premium Class): 120 Dh (BƏƏ dirhəmi)
Sərnişin daşınması hər birinin tutumu 400 nəfərə qədər olan 13 qatardan ibarət müasir donanma vasitəsilə həyata keçiriləcək. Müştərilər biletlərini 23 iyun 2026-cı il tarixindən etibarən “Etihad Rail” rəsmi mobil tətbiqi və veb-saytı vasitəsilə onlayn şəkildə bron edə bilərlər.
Bu layihə 2021-ci ildə BƏƏ-nin “Əlli Layihə” (Projects of the 50) strategiyasının bir hissəsi olaraq elan edildikdən sonra 5 ildən az bir müddətdə – nəzərdə tutulan vaxtdan daha tez başa çatdırılıb. Şeyx Xalid vurğulayıb ki, sərnişin qatarları layihəsi əmirliklər arasında əlaqəni gücləndirəcək, insanların və yüklərin hərəkətini asanlaşdırmaqla dayanıqlı iqtisadi artımı dəstəkləyəcək, investisiya, turizm və şəhərsalma üçün yeni üfüqlər açacaq.

