İran Xarici İşlər Nazirliyi NATO Baş katibi Mark Ruttenin son bəyanatlarını ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarına açıq dəstək kimi qiymətləndirib. Tehran eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məsuliyyətsiz davranmaqda ittiham edərək, ölkədəki zədələnmiş nüvə obyektlərinə girişin hələlik qeyri-mümkün olduğunu bəyan edib. Tərəflərin qarşılıqlı sərt bəyanatları nüvə proqramı ətrafında diplomatik böhranın yeni gərginlik mərhələsinə qədəm qoyduğunu göstərir.
NATO və İran arasında sərtləşən ritorikanın diplomatik danışıqların gələcəyinə təsiri barədə danışan siyasi şərhçi Rufiz Hafizoğlu “ArabAZ” xəbər portalına mühüm açıqlamalar verib. Ekspertin fikrincə, İranın nüvə proqramı Vaşinqton və Tehran arasında aparılan son gizli danışıqların mediaya sızmayan ən gərgin mövzusudur.
Fətvadan bufer zonaya: Tehranın gizli uran strategiyası
Müzakirələrdə davamlı olaraq Hörmüz boğazının qabardılmasına baxmayaraq, Vaşinqton üçün nüvə proqramının ən azı bu məsələ qədər prinsipial əhəmiyyət daşıdığını vurğulayan Rufiz Hafizoğlu İraq və regiondakı proseslərin pərdəarxasını şərh edib:
“Birləşmiş Ştatların prinsipial mövqeyi ondan ibarətdir ki, İran heç bir halda nüvə silahı əldə edə bilməz. İranın ali dini lideri Əli Xamenei vaxtilə fətva vermişdi ki, nüvə silahı haramdır və ölkənin belə bir niyyəti yoxdur. Lakin biz gördük ki, bu fətva yalnız sözdə qaldı. Tehran Yaxın Şərqdə baş verən hərbi-siyasi proseslər fonunda özünə səmərəli bufer yaradaraq nüvə proqramını sürətlə inkişaf etdirdi”.
Siyasi şərhçi xatırladıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatı başlayanda İranın əlində artıq kifayət qədər zənginləşdirilmiş uran ehtiyatı var idi. Bir-iki ay əvvəl bu ehtiyatların üçüncü ölkəyə, xüsusilə Rusiya və ya Pakistana təhvil verilməsi variantları müzakirə edilsə də, ekspert yerli uranın xaricə çıxarılmasını qeyri-inandırıcı hesab edir. Pakistan variantının ABŞ üçün daha məqbul ola biləcəyini qeyd edən şərhçi, Vaşinqtonun əsas qorxusunun Yaxın Şərqdə qarşısıalınmaz bir nüvə silahlanması yarışının başlaması olduğunu vurğulayıb.
İsrail və Türkiyə amili: Regionda gizli nüvə balansı
Məsələnin digər tərəfində Tehranın irəli sürdüyü arqumentlərin dayandığını bildirən Rufiz Hafizoğlu, beynəlxalq müstəvidə yaranan ikili standartlara diqqət çəkib. Tehran haqlı olaraq sual edir ki, nə üçün İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmadığı və qeyri-rəsmi olaraq nüvə silahına malik olduğu halda, İrana bu imkan tanınmır?
Ekspert bu kontekstdə Ankara faktorunun da regional tənlikdə mühüm yer tutduğunu qeyd edib:
“Türkiyənin nüvə potensialı bu gün də mübahisə doğurur. Bir çox ekspert hesab edir ki, Ankara rəsmən elan etməsə də, bu gücə qeyri-rəsmi şəkildə malikdir. Vaxtilə ABŞ-nin İncirlik bazasındakı nüvə başlıqlarının hazırda Türkiyənin tam nəzarətində olub-olmaması ayrı bir müzakirə mövzusudur. Ankaranın hazırda nüvə sahəsində atdığı müstəqil addımlar müəyyən risklər yaratsa da, Türkiyəyə ciddi strateji üstünlüklər vəd edir və bu proses olduqca normaldır”.
Proksi qüvvələrin qurban verilməsi ehtimalı
Rufiz Hafizoğlu hesab edir ki, İran illərlə vaxt və böyük vəsait sərf edərək əldə etdiyi zənginləşdirilmiş uranı heç bir halda başqa bir dövlətə verməyəcək. Çünki bu, Tehran üçün regional liderlik yolunda geri dönüşü olmayan strateji bir nailiyyətdir. Siyasi şərhçinin qənaətinə görə, İran öz nüvə proqramını qorumaq naminə gələcəkdə hətta ən sadiq proksi qüvvələrindən — Yəməndəki husilərdən, Livandakı “Hizbullah”dan və İraqdakı bəzi hərbi-siyasi təsir rıçaqlarından belə vaz keçməyə hazır ola bilər.

