Dünyanın en böyük döyüş sənətləri təşkilatı olan “ONE Championship” və “Visit Qatar” mühüm üçillik tərəfdaşlıq müqaviləsinin müddətini uzatdıqlarını elan ediblər. Əldə olunan razılaşmaya əsasən, təşkilatın dünyaca məşhur döyüş yarışları 2027-ci ilin mart ayından etibarən yenidən Qətərdə keçiriləcək.
ArabAZ xəbər verir ki, bu addım 2024-cü ildə təşkil edilən “ONE 166” və 2025-ci ildə baş tutan “ONE 171” turnirlərinin uğuruna söykənir. Şərəkətlik Qətərin böyük idman yarışlarına ev sahibliyi etmək təcrübəsinin uğurlu nəticəsini nümayiş etdirir.
Növbəti üç il ərzində “Visit Qatar” və “ONE Championship” ölkədə bir neçə əsas turnir təşkil edəcək. Bu yarışlarda dünya çempionluğu uğrunda döyüşlər keçiriləcək. Turnirlərdə qarışıq döyüş növləri (MMA), muay-tay, kikboks və qrepplinq üzrə beynəlxalq ulduzlarla yanaşı, Yaxın Şərqin ən istedadlı idmançıları da güclərini sınayacaqlar.
Keçiriləcək yarışların xarici qonaqları cəlb edəcəyi, qlobal mediada geniş işıqlandırılacağı və Qətərin mühüm idman mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcəyi gözlənilir.
Silsilənin ilk yarışı 2027-ci il martın 26-da Dohadakı “Aspire Dome” idman kompleksində baş tutacaq. Biletlər və digər təfərrüatlar barədə məlumatlar önümüzdəki aylarda açıqlanacaq.
“ONE Championship” təşkilatının həmtəsisçisi və qrup prezidenti Hua Funq Teh tərəfdaşlıqla bağlı fikirlərini bölüşüb. O bildirib ki, “Visit Qatar” ilə əməkdaşlıq idmançılar və azarkeşlər üçün yüksək səviyyəli şərait yaradır. Bu addım təşkilatın döyüş sənətləri üçün böyük qlobal səhnə təqdim etmək məqsədinə tam uyğundur.
Hua Funq Teh əlavə edib ki, 2027-ci ildəki qayıdış regionda indiyədək təşkil olunmuş ən möhtəşəm yarış olacaq. Turnirdə bütün döyüş növləri üzrə dünya çempionları mübarizə aparacaq. O, Yaxın Şərqin bu dinamik mərkəzində geniş imkanların olduğunu vurğulayıb və birlikdə tarix yazmaq şansı yaratdıqlarına görə “Visit Qatar” rəhbərliyinə təşəkkürünü bildirib.


