DƏMƏŞQ. Arab.AZ
Suriya Milli Ordusu (SMO) terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində Mənbic rayonunda irəliləyir.
Arab.AZ xəbər verir ki, Suriya Milli Ordusu Mənbicin yüzdə 80-nin nəzarət altında olduğunu bildirib.
“Azadlıq şəfəqi” əməliyyatında terror təşkilatı PKK/YPG tərəfindən işğal edilən Menbicin Ureyme qəsəbəsi və Um Dadat kəndinin azad edildiyi açıqlanıb.
“PKK/YPG ilə mübarizədə qələbəyə çox yaxınıq. Mənbici PKK/YPG-dən almaq üçün həm havadan, həm də qurudan müdaxilələr davam edir. Bütün təşkilati elementlər bölgədən təmizlənir” – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bu gün sübh çağı, “Heyət Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani döyüşçülərini dövlət qurumlarına yaxınlaşmamağa çağıraraq, qurumların “rəsmi olaraq keçmiş baş nazirin nəzarəti altında qalacaqlarını” vurğulayıb.
“Dəməşq şəhərindəki bütün hərbi qüvvələrə ciddi şəkildə keçmiş baş nazirin nəzarətində qalacaq dövlət qurumlarına yaxınlaşmaq qadağandır. Rəsmi olaraq təhvil verilənə qədər, havaya güllə atmaq da qadağandır”-deyə o bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.
İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi. Bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb.
Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk edib.
Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.
Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.
Bir neçə saat əvvəl Suriya fraksiyaları bazar günü səhər tezdən bir günlük döyüşlərdən sonra mühüm Hums şəhəri üzərində tam nəzarət etdiklərini elan edərək, Əsədin 24 il davam edən hakimiyyətini təhdid etdilər.