BAKI, Arab.AZ
Gözlənilməz olsa da tanınmış suriyəli iş adamı və milyarder Ayman Asfarinin adı Suriyanın yeni hökumətini formalaşdırmaq üçün mümkün namizəd kimi çəkilməyə başlayıb. Yeni hökumətin bir neçə həftə ərzində elan ediləcəyi gözlənilir.
Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir.
Asfari, son illərdə “Tahrir əş-Şam” qruplaşmasının fəaliyyət göstərdiyi İdlib vilayətində anadan olub.
Yanvarın 5-də o, Dəməşqdəki Xalq Sarayında digər suriyali iş adamları ilə birlikdə Suriya prezidenti Əhməd Şəraa ilə görüşüb. Bundan əlavə, fevral ayının ortalarında Parisdə Suriyadakı siyasi keçidlə bağlı keçirilən konfransda Suriya xarici işlər naziri Əsəd Şibani ilə yanaşı iştirak edib.
Ayman Asfari kimdir?
Ayman Asfari 1958-ci ildə İdlibdə anadan olub. Onun atası Ədib Asfari, bir vaxtlar Suriyada hakimiyyətdə olmuş “Baas” partiyasının qurucularından biri olub. O, ABŞ-ın “Vilanova” Universitetində mülki mühəndislik üzrə bakalavr təhsili alıb və daha sonra Pensilvaniya Universitetində mülki və şəhər mühəndisliyi üzrə magistr dərəcəsi qazanıb.
Tanınmış iş adamı
Ayman Asfari, xaricdə yaşayan ən nüfuzlu suriyalı iş adamlarından biridir və Britaniya vətəndaşlığına sahibdir. O, Suriyada birbaşa siyasi fəaliyyətlə məşğul olmayıb və geniş xalq dəstəyinə malik olmasa da, dünyada tanınmış bir fiqurdur.
O, 20 ildən çox neft sənayesində təcrübəyə malikdir. Karyerasına Oman Sultanlığında podratçılıq sahəsində başlayıb, daha sonra enerji xidmətləri sahəsində ixtisaslaşmış “Petrofac” şirkətində əsas tərəfdaş olub. Hazırda dəniz külək enerjisi sahəsində fəaliyyət göstərən “Venterra” şirkətinin baş direktoru vəzifəsini icra edir. Bundan əlavə, o, Beyrutdakı Amerika Universitetinin mütevəllilər şurasının üzvü, “Karneqi Beynəlxalq Sülh Fondu”nun idarə heyətinin üzvü və “Chatham House”un baş məsləhətçilər komitəsinin üzvüdür.
Əsədə qarşı çıxan və ona təzyiq göstərən iş adamı
Asfari 2011-ci ildən əvvəl Suriyada siyasi fəaliyyətlə məşğul olmasa da, inqilabın başlanmasından sonra o, o zamankı prezident Bəşşar Əsədə qarşı müxalif mövqe tutub. Bunun nəticəsində Əsəd hökuməti ona “terrorçuluğun maliyyələşdirilməsi” ittihamı ilə həbs orderi verib.
O, Suriyada humanitar yardımları dəstəkləməyə başlayıb və bir neçə vətəndaş təşkilatının fəaliyyətini koordinasiya edən bir platforma yaradıb. Eyni zamanda, Suriyanın məşhur “Ağ Dəbilqəlilər” mülki müdafiə təşkilatının maliyyələşdirilməsində iştirak edib.
Beynəlxalq siyasətdə də aktiv rol oynayan Asfari, Britaniyadakı nüfuzundan istifadə edərək Əsəd rejiminə təzyiq göstərməyə çalışıb.