BAKI, Arab.AZ
Netanyahunun həbs qorxusu , ABŞ-a olan uçuş marşrutunu dəyişdirib.
Arab.AZ xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən barəsində həbs qərarı çıxarılan İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq hava məkanında mümkün saxlanılma ehtimalına görə ABŞ-a gedərkən uçuş marşrutunu dəyişməyə məcbur qalıb.
Macarıstanda səfərdə olan Netanyahu Vaşinqtona qayıdarkən bəzi Avropa ölkələrinin BCM-nin qərarını icra edəcəyindən narahat olub və buna görə də alternativ marşrutu seçib. Netanyahu Qəzza zolağında törədilən hərbi və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıdığı üçün bir neçə Avropa ölkəsinin hava məkanından istifadə etməkdən çəkinib.
İddialara görə, Netanyahu Budapeştdən ABŞ-a qayıdarkən təyyarənin marşrutu İrlandiya, İslandiya və Hollandiya hava məkanından yan keçərək Xorvatiya, İtaliya və Fransa üzərindən Vaşinqtona yönləndirilib. Beləliklə, ümumi uçuş marşrutu 400 kilometr daha uzadılıb.
İsrail Qəzzaya qarşı hərbi əməliyyatlara başladıqdan sonra Netanyahunun bütün xarici səfərləri yalnız Yunanıstan, İtaliya və Fransa üzərindən həyata keçirilir. Bunun əsas səbəbi, bir sıra ölkələrin BCM-nin qərarına sadiq qalaraq onun həbsinə dair əmri yerinə yetirəcəyi ehtimalıdır.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında baş verən hadisələrlə bağlı Netanyahunun məsuliyyət daşıdığını və insanlıq əleyhinə cinayətlərə görə beynəlxalq hüquqa cavabdeh tutulduğunu bəyan edib. Bu isə onun beynəlxalq səfərlərini ciddi şəkildə məhdudlaşdırır.