BAKI, Arab.AZ
İran və İsrail arasında davam edən qarşıdurma yalnız sülh yolu ilə həll edilə bilər.
Arab.AZ xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı deyib.
Əs-Sisi vurğulayıb ki, Misir dərhal atəşkəsin elan edilməsini və münaqişənin danışıqlar yolu ilə həllini zəruri hesab edir.
“Bu böhranın hərbi həlli yoxdur, mütləq şəkildə danışıqlar bərpa başlanılmalıdır” – deyə, o qeyd edib.
Misir Prezidenti, həmçinin, İsrailin eskalasiyasını qətiyyətlə pisləyib və bu gərginliyi regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi bir təhdid adlandırıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı “Həqiqi vəd III” adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.