BAKI, Arab.AZ
İran yeni raketlər istehsal etdiyini açıqlayıb – Üstün xüsusiyyətlərə malikdir.
Arab.AZ xəbər verir ki, İranın müdafiə naziri Əziz Nəsirzadə İsrailin 12 günlük hücumlarından sonra ölkəsinin “üstün xüsusiyyətlərə” malik yeni raketlər istehsal etdiyini bəyan edib.
Tasnim Xəbər Agentliyinin məlumatına görə, Nəsirzadə Müdafiə Sənayesi Günündə çıxışı zamanı “12 günlük müharibədə istifadə olunan raketlər illər əvvəl istehsal olunmuşdu. Hazırda isə əvvəlkilərdən qat-qat üstün xüsusiyyətlərə malik yeni raketlər hazırlanıb” – deyə bildirib.
Nazir əlavə edib ki, İsrailin yeni hücumu halında bu raketlərdən istifadə olunacaq.
Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə irimiqyaslı hücum həyata keçirib. Zərbələr nəticəsində Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bir neçə yüksək rütbəli hərbçi və doqquz nüvə alimi həlak olub. İyunun 22-də isə ABŞ İsrailə dəstək verərək İranın Natanz, Fordo və İsfahandakı obyektlərini vurub. Buna cavab olaraq İran iyunun 23-də Qətərdəki ABŞ-ın Əl-Udeyd aviabazasına hücum edib. Ardınca ABŞ prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs elan edib.