ƏR-RİYAD, ArabAZ
İranın xarici işlər naziri Abbas Əraqçi böyük regional hərbi eskalasiyanın qarşısını almaq məqsədi daşıyan regional tur çərçivəsində çərşənbə günü səhər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.
Onun səudiyyəli həmkarı şahzadə Feysəl bin Fərhan bin Abdulla ilə görüşü planlaşdırılır.
Abbas Əraqçinin səfəri regional məsələlərə və Qəzza və Livandakı “İsrail cinayətlərinə” son qoymaq səylərinə diqqət yetirəcək.
Siyasi elmlər üzrə professor Saleh Əl-Xatlan Ər-Riyad səfərinin regional gərginliyin qarşısını almaq məqsədi daşıdığını bildirib.
O hesabe dir ki, Səudiyyə Ərəbistanı bölgənin təhlükəli hərbi qarşıdurmaya sürüklənməsinin qarşısını almaq üçün regional və dünya tərəfdaşları ilə səylərini birləşdirəcək.
“İran çox çətin vəziyyətdədir və onun düşdüyü böhrandan çıxmasına kömək etmək üçün Səudiyyə Ərəbistanı kimi siyasi regional çəkisi olan ölkələrə ehtiyacı var” –deyə o bildirib.
İran XİN rəhbəri bildirib ki, Nyu-York və Dohada məsləhətləşmələrdən, Beyrut və Dəməşqə səfərlərdən sonra, digər səfərləri davam etdirəcək.
“İsrailin cinayətlərinin qarşısını almaq üçün tədbirlər görmək üçün Səudiyyə Ərəbistanına və region ölkələrinə gedəcəyəm.Cinayətləri dayandırmaq və İsraili qınamaq üçün məsləhətləşmələr davam edir”-deyə, o əlavə edib.
Saleh Əl-Xatlan hesab edir ki,Tehran tamamilə başa düşür ki, regional və beynəlxalq oyunçularla güclü əlaqələri nəzərə alınmaqla Ər-Riyad sakitliyin bərpa olunmasında və münaqişənin regiona sıçramasının qarşısının alınmasında mühüm rol oynaya bilər.
“Bununla belə, nəticədə regional səylərin uğuru İsrail hökumətinin və onun amerikalı himayədarının əlindədir”- deyə, o qeyd edib.