Qətər Turizm (Qatar Tourism) və Qətər Otellər Assosiasiyasının (Qatari Hotels Association – QHA) nümayəndələri ölkənin turizm sektorunun inkişafı və qonaqpərvərlik sənayesində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etmək üçün yüksək səviyyəli görüş keçiriblər.
ArabAZ xəbər verir ki, görüş zamanı tərəflər Qətərin turizm strategiyasının mühüm tərkib hissəsi olan otelçilik sektorunun keyfiyyətinin artırılması, xidmət standartlarının beynəlxalq səviyyəyə çatdırılması və birgə marketinq kampaniyalarının həyata keçirilməsi məsələlərinə toxunublar. Müzakirələrdə həmçinin xarici turistlərin cəlb edilməsi üçün təklif olunan xidmətlərin şaxələndirilməsi və yerli otellərin rəqabət qabiliyyətinin yüksəldilməsi diqqət mərkəzində olub.
Qətər Turizmin rəhbərliyi qeyd edib ki, otelçilik sektoru ölkənin “Milli Baxış 2030” hədəflərinə çatmasında mühüm rol oynayır. Qətər Otellər Assosiasiyasının nümayəndələri isə öz növbəsində dövlət və özəl sektor arasındakı bu cür koordinasiyanın turizm sənayesində qarşıya çıxan çətinliklərin həllində və yeni investisiya imkanlarının yaradılmasında həlledici olduğunu vurğulayıblar.
Görüşün sonunda tərəflər turist təcrübəsini təkmilləşdirmək və Qətəri regionun aparıcı turizm mərkəzlərindən birinə çevirmək məqsədilə mütəmadi olaraq məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

