NATO sammiti ərəfəsində Türkiyə ilə Fransa arasında müdafiə sənayesi sahəsində yeni bir strateji mərhələnin başlaya biləcəyi iddia olunur. Məlumatlara görə, Fransa Prezidenti Emmanuel Makron SAMP/T hava hücumundan müdafiə sistemlərinin ortaq istehsalı və texnologiya transferi variantlarının yenidən araşdırılması barədə rəsmi göstəriş verib.
ArabAZ xəbər verir ki, Avropanın təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklərin yaşandığı bir dövrdə Paris və Ankara arasında gözlənilməz yaxınlaşma diqqət çəkir. Uzun müddət Suriya, Ermənistan və Şərqi Aralıq dənizi məsələlərində kəskin fikir ayrılıqları yaşayan iki ölkə, son aylarda dialoqu intensivləşdirib. Bu yaxınlaşmanın əsas səbəblərindən biri kimi Avropada ABŞ-ın qlobal siyasətinə dair narahatlıqların artması göstərilir. Fransanın sabiq Vaşinqton və Təl-Əviv səfiri Jerar Aro bildirib ki, Avropada ABŞ-la əvvəlki səviyyədə tərəfdaşlığın bərpa olunacağına dair inam xeyli zəifləyib. Belə bir şəraitdə Türkiyə regionun ən mühüm strateji və hərbi amillərindən birinə çevrilib.
Kommersiya və regional maraqların kəsişməsi
Paris və Ankara son dövrdə bir sıra regional böhranlarda oxşar mövqelər nümayiş etdirirlər. Xüsusilə Suriyada yeni rəhbərliyə dəstək, Livanda güclü mərkəzi dövlətin qurulması və Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi mövzusunda tərəflərin ortaq maraqları artır. Fransa Silahlı Qüvvələr Nazirliyi nümayəndələrinin Ankaraya son səfəri də müdafiə sahəsində danışıqların intensivləşdiyini sübut edir. Jerar Aronun sözlərinə görə, müasir müharibələrdə ucuz və effektiv silahların kütləvi istehsalı həlledici rol oynayır və Türkiyə hərbi sənayedə bu sahədə böyük uğurlar qazanıb.
Siyasi yaxınlaşmanın arxa planında irihəcmli kommersiya müqavilələri də dayanır. Fransanın nəhəng “Safran” şirkəti ilə Türkiyənin “Baykar” şirkəti arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu saziş pilotsuz uçuş aparatları (PUA) üçün elektro-optik sistemlərin tədarükünü və idarə olunan sursatların inteqrasiyasını nəzərdə tutur. Bundan əlavə, tərəflərin birgə helikopter istehsalı və hərbi gəmi layihələri üzrə də yeni əməkdaşlıq imkanlarını müzakirə etdiyi bildirilir. Analitiklər hesab edirlər ki, Ankara-Paris xəttindəki bu istiləşmə yaxın illərdə NATO daxilində yeni hərbi ittifaqların yaranmasına yol aça bilər.

