Səna,ArabAZ
Amerika rəsmiləri Husi lideri Məhəmməd Əl-Buxaitinin ABŞ-ın Husilərin hücumlarını dayandırması müqabilində Sənadakı Husi hökumətini tanımaq təklifi ilə bağlı açıqlamalarını həqiqətdən uzaq və “tamamilə əsassız” adlandırıblar. ArabAZ xəbər verir ki, minlərlə dinc insanın ölümünə səbəb olan husilərin siyasi bürosunun üzvü Məhəmməd Əl-Buxaiti mediaya verdiyi açıqlamalarda ABŞ-ın qruplaşmanın başlatdığı hücumları dayandırmaq üçün Səna hökumətini tanımağı təklif etdiyini bildirib.
ABŞ Dövlət Departamentinin regional sözçüsü Sem Verberq bu iddianın doğru olmadığını təsdiqləyərək, “Husi təbliğatı çox vaxt həqiqətdən uzaqdır və onların sərsəm bəyanatları diqqətə layiq deyil”-deyib.
Verberqin sözlərinə görə, “Birləşmiş Ştatlar hücumları dayandırmaq müqabilində Husi hökumətini tanımaq üçün heç bir təklif irəli sürməyib”.
Öz növbəsində, ABŞ-ın Yəməndəki səfiri Stiven Faqin Husi liderinin açıqlamaları ilə bağlı “Şərq Əl-Avsat”ın sualına cavabında “Bu xəbər yalandır” deyib.