BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini və Prezident Administrasiyasının rəhbəri şeyx Mənsur bin Zayed Al Nəhyan Angola Prezidenti Joao Manuel Lourensu ilə telefon danışığı aparıb.
ArabAZ xəbər verir ki, tərəflər BƏƏ ilə Angola arasında ikitərəfli münasibətlərin və birgə fəaliyyətin gücləndirilməsi yollarını müzakirə ediblər.
Danışıqlarda iki ölkə arasındakı Hərtərəfli İqtisadi Tərəfdaşlıq çərçivəsində iqtisadiyyat, sərmayə və inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Şeyx Mənsur bin Zayed BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını Angola rəhbərinə çatdırıb. O, Əbu-Dabinin mövcud tərəfdaşlığı dərinləşdirməkdə və birgə fəaliyyət üçün yeni imkanlar yaratmaqda maraqlı olduğunu bildirib.
Joao Lourensu da BƏƏ rəhbərliyinə salamlarını çatdıraraq ölkəyə tərəqqi və rifah arzulayıb. Angola Prezidenti şeyx Mənsur bin Zayedi ölkəsinə rəsmi səfərə dəvət edib.
Şeyx Mənsur dəvəti müsbət qarşılayaraq iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə çatdırmaq üçün əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.