BAKI, Arab.AZ
BMT-yə bağlı Qida Təhlükəsizliyinin İnteqrasiya Olunmuş Faza Təsnifatı (IPC) tərəfindən yayımlanan yeni təhlil Qəzzada yarım milyondan çox insanın artıq aclıq şəraitində yaşadığını, bunun “şiddətli aclıq və qidalanma çatışmazlığından ölüm”lə xarakterizə olunduğunu təsdiqləyib.
Arab.AZ xəbər verir ki, bu, Yaxın Şərqdə ilk dəfə rəsmi olaraq aclıq vəziyyətinin təsdiqi hesab olunur.
Hesabata görə, yaxın həftələrdə bu vəziyyət Qəzza şəhərindən Deyr əl-Bələx və Xan Yunisə doğru yayılacaq.
FAO, UNICEF, Ümumdünya Ərzaq Proqramı (WFP) və ÜST birgə bəyanatda vurğulayıblar ki, dərhal atəşkəs və maneəsiz tam humanitar çıxış həyatı xilas etməyin əsas şərtləridir.
Təşkilatlar bildiriblər ki, aclığın qarşısı hər nə bahasına olursa-olsun alınmalıdır, xüsusən də mülki əhalinin fəlakətli durumda olduğu Qəzzada istənilən əlavə hərbi eskalasiya uşaqlar, qadınlar, yaşlılar və köçmə qabiliyyəti olmayan əlillər üçün ağır nəticələr doğuracaq.
Hesabatda qeyd olunur ki, sentyabrın sonuna qədər 640 min nəfərin “aclığın fəlakətli səviyyələri” (IPC 5-ci faza) ilə üzləşəcəyi gözlənilir. 1,14 milyon nəfər 4-cü (təcili) fazada, 396 min nəfər isə 3-cü (böhran) fazasında olacaq.
BMT hesabatına görə, iyul ayının göstəriciləri Qəzzada 12 mindən çox uşağın kəskin qidalanma çatışmazlığı yaşadığını göstərir, bu, ilin əvvəlindən bəri 6 dəfə artım deməkdir. Onların təxminən 25 faizi şiddətli kəskin qidalanma çatışmazlığından (ən təhlükəli və ölümcül formadan) əziyyət çəkir. Hamilə qadınlar arasında həyati təhlükə yaradan qidalanma çatışmazlığı halları mayda 17 min olduğu halda, 2026-nın ortalarına qədər 55 minə çatacağı proqnozlaşdırılır.
“Qəzzada aclıq və qidalanma çatışmazlığı hər gün can alır. Qidaya çıxış lüks deyil, əsas insan haqqıdır”- deyə FAO baş direktoru Şu Doniu deyib.
UNICEF-in icraçı direktoru Ketrin Rassell isə bildirib ki, vəziyyət xüsusilə ağırlaşıb.
“Aclıqla bağlı xəbərdarlıqlar aylarla əvvəl aydın idi. İndi yardımların kəskin artırılması və təhlükəsiz şəraitdə çatdırılması vacibdir. Qəzzada aclıq artıq acı reallıqdır, Deyr əl-Bələx və Xan Yunisdə isə yaxın təhlükədir. Uşaqlar gözümüzün önündə aclıqdan və xəstəlikdən ölür”- deyə o bildirib.
ÜST rəhbəri Tedros Adhanom Qebreyesus da bölgədə humanitar böhranın dərinləşdiyini vurğulayıb.
“Atəşkəs indi həm mənəvi, həm də humanitar borcdur. Sadə xəstəliklər aclıq səbəbindən ölümcül olur; çökmüş səhiyyə sistemi təcili dəstək tələb edir”- deyə Qebreyesus vurğulayıb.