Suriyanın Livanda “Hizbullah”a qarşı hərbi müdaxiləsi ilə bağlı söhbətlər mütəmadi olaraq gündəmə gəlir və Dəməşq bu iddiaları hər dəfə təkzib edir. Bu proses Bəşər Əsəd rejiminin devrildiyi və yeni hakimiyyətin idarəçiliyi ələ aldığı ilk anlardan başlayıb. O vaxt Livanda “Hizbullah“ın tərksilah edilməsi ilə bağlı müzakirələr gedirdi. “Hizbullah” isə məsələnin mahiyyətini dəyişərək silahdan təmizlənmiş zonanı yalnız Litani çayının cənubu ilə məhdudlaşdırmaq istəyir və bu silahların Livanı Suriyadakı yeni hakimiyyətdən qorumaq məqsədi taşıdığına dair dəfələrlə eyhamlar vururdu.
İsrail ilə “Hizbullah” arasında Livandakı müharibə yenidən alovlandı, bu qarşıdurma həm də İrana qarşı yönəlmişdi. Suriya ordusu silah qaçaqmalçılığının qarşısını almaq, İrana bağlı milislərin Suriya ərazisinə sızmasının və ölkəni regiondakı müharibəyə sürükləyə biləcək addımların qarşısını almaq üçün bütün sərhəd boyu mövqelərini gücləndirdi. Suriyanın Livana hərbi müdaxilə etmək niyyətində olduğu barədə şayiələr yayıldı, halbuki Suriya ordusunun gücləndirilməsi yalnız Livan sərhədi ilə məhdudlaşmırdı. Dəməşq, Prezident Əhməd Əş-Şəraanın Livan rəsmiləri ilə apardığı təmaslar vasitəsilə növbəti dəfə təsdiqlədi ki, Suriyanın heç bir müdaxilə niyyəti yoxdur və ordunun sərhəddə yerləşdirilməsi yalnız Suriyanın təhlükəsizliyini qorumaq məqsədi daşıyır.
Bu gün isə ABŞ Prezidenti Donald Tramp “Hizbullah”ın silahı məsələsinin həllini Suriyaya həvalə etməkdən yenidən bəhs edir. Trampın bu bəyanatından təxminən bir il əvvəl ABŞ-ın xüsusi elçisi, səfir Tom Barrak Livan dövlətinin silah problemini həll edə bilməyəcəyi təqdirdə “ekzistensial təhlükə” (varlıq təhlükəsi) ilə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. O, mətbuata verdiyi açıqlamada “Əgər Livan hərəkətə keçməsə, yenidən Suriyanın tərkibinə qayıdacaq” demişdi.
Prezident Əhməd Əş-Şəraa Dəməşq ətrafı (Rif Dəməşq) vilayətinin nüfuzlu şəxsləri və ağsaqqalları ilə görüşündə video müraciətlə ölkəsininin Livana müdaxilə etmək niyyətində olmadığını qəti şəkildə təkzib etdi.
Bundan sonra Tramp, Əhməd Əş-Şəraanın Suriyada qarşılaşdığı böyük çətinliklərə və çağırışlara baxmayaraq il yarım ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək Livan dosyesini sanki ona həvalə etdiyini yenidən təkrarladı. Suriya tərəfi isə Prezident Əhməd Əş-Şəraanın dili ilə bu iddiaları növbəti dəfə rədd etdi.
Suriyanın Livana müdaxiləsi ilə bağlı bütün bu şayiələr və çağırışlar fonunda diqqətçəkən məqam Livan rəsmi dairələrinin səssizliyidir. Sanki bu məsələ Livan rəsmilərinə aid deyil və bu çağırışları rədd etməli olan yeganə tərəf Suriyadır. Yalnız “Kətaib” partiyası yaydığı bəyanatda Suriyanın Livana hər hansı müdaxiləsini rədd etdiyini bildirib və eyni zamanda Əhməd Əş-Şəraanın bu müdaxiləyə qarşı çıxan mövqeyini yüksək qiymətləndirib. Trampın çağırışlarını rədd edən və ya lağa qoyan digər siyasi səslər də eşidilsə də, Livanın rəsmi dövlət mövqeyi hələ də ortada yoxdur.
“Hizbullah”ın silahı hər şeydən əvvəl Livanın daxili işidir, xüsusən də bütün regional və beynəlxalq şərait Livan dövlətinin xeyrinə dəyişdiyi bir vaxtda. İki il əvvəl xəyal kimi görünən şeylər bu gün artıq mümkündür.
Livan özünün bütün daxili böhranlarını həll yolları tapmaq üçün xaricə həvalə edir. Hətta Livanla İsrail arasında Vaşinqtonda danışıqlar başlayandan sonra belə, Livan mövzusu İslamabadda keçirilən ABŞ-İran danışıqlarının bəndlərindən biri kimi daxil edildi.
Livan hökuməti “Hizbullah“ın hərbi və təhlükəsizlik fəaliyyətlərini qanundankənar hesab edərək qadağan etdikdə və onun fəaliyyətini yalnız siyasi sahə ilə məhdudlaşdırdıqda, Baş nazir Nəvaf Salam hökumətin qanuni qurumlardan kənarda Livan ərazisindən baş qaldıran hər hansı hərbi və ya təhlükəsizlik əməliyyatını rədd etdiyini vurğulamış, müharibə və sülh qərarının yalnız dövlətin əlində olduğunu bildirmişdi. Lakin budur, ABŞ və İran Livanın iştirakı olmadan onun barəsində razılığa gəlirlər.
“Hizbullah“ın hərbi fəaliyyətinin qadağan edilməsi və silahın yalnız dövlətin əlində cəmləşdirilməsi qərarı cəsarətli addımlardır, lakin praktikada bu, onilliklər boyu gecikdirilmiş Livan konstitusiyasının tətbiqindən başqa bir şey deyil. Bu gün Livanın ehtiyac duyduğu şey livanlıların öz taleyini öz əllərinə almasıdır. Verilən qərarların icrası üçün praktiki plan nədir? “Hizbullah”ın inadkarlığı və silahı təhvil verməkdən imtina etməsi fonunda Livan ordusu hansı rolu oynayacaq? Livan dövlətlərin onun taleyini həll etməsini gözləməkdə davam edəcəkmi? Bəzi livanlılar konstitusiyanın tətbiqi və beynəlxalq qərarların icrası üçün İsrailin müharibəsinə bel bağlayacaqlar?
Əhməd Əş-Şəraa Livana müdaxiləni rədd edir, lakin Livanın özü də bunu rədd etməlidir. Livan dövləti bütün orqanları ilə birlikdə, hər hansı bir yerdən gələcək mövqeyi gözləmək və ya imtinanın ABŞ prezidentinə “meydan oxumaq” kimi qəbul ediləcəyindən qorxmaq əvəzinə, bütün Livan coğrafiyasında məsuliyyəti öz üzərinə götürməlidir. Xüsusən də Prezident Cozef Aun Ağ Evdə görüşəcəyi vaxtı gözlədiyi bir məqamda.

