Bakı, Arab.AZ
Fələstin dövləti qurulmadan həqiqi sülh olmayacaq
Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qahirədə keçirilən fövqəladə Ərəb Liqası sammitində çıxış ederkən deyib.
Sisi, Fələstin xalqının vətənlərini yenidən qurmaq və öz torpaqlarında qalmaq hüququnu qoruyan planın qəbul edilməsinə çağırıb.
Bu plan üçün maddi dəstək çağırışı edən Sisi, eyni zamanda İsrailin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki pozuntularına toxunub.
“İordan çayının qərb sahilində fələstinlilərə qarşı edilən pozuntuları qətiyyətlə rədd edirik. Məscidül-Əqsaya qarşı hücumların davam etməsinin və oradakı status-kvonun pozulmasının nəticələri barədə xəbərdarlıq edirik”,– deyə o bildirib.
Sammitin regional böhran fonunda baş tutduğunu vurğulayan Sisi, Yaxın Şərqin təhlükəsizlik və sabitliyini təhdid edən ciddi problemlərlə üz-üzə qaldığını bildirib.
Sisi Misirin, Qəzzadakı hücumların ilk günündən etibarən Qətər və digər ərəb ölkələriylə birlikdə atəşkəs üçün çalışdığını bildirib.
“Qəzza zolağının idarə olunması üçün müstəqil fələstinlilərdən ibarət bir komitə qurmaq məqsədilə Fələstinli qardaşlarımızla əməkdaşlıq etdik,” – deyə o vurğulayıb.