Bakı, Arab.AZ
HƏMAS İsrailin və ABŞ-ın silahsızlanma çağırışlarını rədd edib.
Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, bu haqda HƏMAS rəsmisi Sami Əbu Zuhrinin verdiyi açıqlamada deyilir.
“Müqavimətin silahı qırmızı xəttdir və bu, müzakirə oluna bilməz”, – deyə o qeyd edib.
Digər tərəfdən, İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib ki, İsrail Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə keçməyə hazırdır, lakin bunun üçün HƏMAS hələ də əlində saxladığı 59 girovun bir qismini daha azad etməlidir.
Xatırladaq ki, Qəzzada döyüşlər yanvarın 19-dan bəri ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs çərçivəsində dayandırılıb. Bu müddət ərzində HƏMAS 33 israilli və 5 tailandlı girovu azad edib, əvəzində isə təxminən 2000 fələstinli məhbus azad edilib.
HƏMAS bildirir ki, o, İsrailin tamamilə Qəzzadan çıxmasını və 59 girovun geri qaytarılmasını ehtiva edən ikinci mərhələ danışıqlarına keçmək istəyir. Bu danışıqlar müharibənin daimi dayandırılmasına yol aça bilər.
Lakin İsrail atəşkəsin uzadılmasını yalnız girovların qaytarılması şərti ilə mümkün hesab edir və atəşkəsin müsəlmanların Ramazan ayı boyunca davam etməsini nəzərdə tutan planı dəstəkləyir.
Nəzərinizə çatdıraq ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff yaxın günlərdə bölgəyə səfər edərək. Səfər çərçivəsində atəşkəsin uzadılması və ya ikinci mərhələyə keçidlə bağlı müzakirələrin aparılacağı gözlənilir.