Bakı, ArabAZ
“Cari ilin aprelin ayında İranla İsrail arasında növbəti gərginlik başlayandan sonra Tehranın Yaxın Şərq turnesi, əslində, yeni tendensiya deyil. Daha öncə də iranlı rəsmilər Səudiyyə Ərəbistanına səfər etmişdilər. Sadəcə, burada nəticələr Tehran üçün qənaətbəxş olmadı”.
ArabAZ xəbər verir ki, bu sözləri Yenicag.az -a açıqlamasında politoloq Rufiz Hafizoğlu deyib.
O, İranın xarici işlər naziri Abbas Araqçinin sürpriz İordaniya səfərinin siyasi motivlərini analiz edib.
Onun sözlərinə görə, istisnasız olaraq, bütün ərəb dövlətlərinin istəkləri budur ki, Səddam Hüseyn rejiminin süqutu ilə başlayan İran erası Yaxın Şərqdə tamamilə bitsin:
“Heç bir halda, Səudiyyə Ərəbistanı İrana İsraillə ehtimal olunan müharibədə hər hansı bir dəstək verməyəcək. Ümumiyyətlə, İran rəsmilərinin Türkiyə, İordaniya və Misirə səfərləri İslam həmrəyliyi çərçivəsində düşünülmüş bir addımdır ki, əslində, İran özü də sözügedən İslam həmrəyliyindən çox-çox uzaqda olan bir ölkədir. Hər şeyə rəğmən, İran zamanında digər müsəlman ölkələri ilə həmrəylik nümayiş etdirə bilməyib”.
R. Hafizoğlu bəyan edib ki, burada iki məsələyə diqqət yetirmək lazımdır:
“Birincisi, Türkiyə, ikincisi isə İordaniya və Misirə olan səfədir ki, bunlar çox strateji seçilən ölkələrdir. Bu gün Türkiyə İsraillə gərginləşmiş münasibətlər fonunda heç bir halda İrana dəstək verə bilməz. Yəni Türkiyə İran-İsrail münaqişəsinin hər hansı bir tərəfi olmaq istəməz. Amma Türkiyə digər bir tərəfdən də heç bir halda istəməz ki, münaqişə genişlənsin. Lakin bu da imkan vermir ki, Türkiyənin İsrailə qarşı İranla eyni cəbhədə yol aldığını görək”.
Siyasi təhlilçinin qənaətinə görə, Türkiyənin bu gün maksimum çalışıb əldə etmək istədiyi məsələ ayrıdır:
“Dünən Türkiyə xarici işlər naziri Hakan Fidan demişdi ki, artıq danışıqlar və diplomatik həllər öz həllini vermir deyə İsrailə qarşı embarqo tətbiq edilməlidir. Bu isə təəssüflər olsun ki, mümkün deyil. Çünki buna mane olan ərəb ölkələri çoxluq təşkil edir və beynəlxalq ictimaiyyət də heç bir halda bununla razılaşmayacaq”.
“İordaniya məsələsinə gəldikdə, bu dövlət ikinci dəfədir İranın hədəfindədir. Çünki İsrailə hücumlarda İordaniya ərazisində İran raketləri vurulsa da, rəsmi Əmman bunu təkzib etdi. İordaniya rəsmiləri bildirdilər ki, onlar nəinki İran raketlərinin öz ərazilərindən İsrailə yollanmasına, eləcə də İsrail hərbi hava qüvvələrinin İordaniya ərazisinə keçməsinə də imkan verməyəcək. Amma ikinci münaqişə zamanı ABŞ elan etdi ki, onlar İordaniyanın hava məkanından istifadə edərək 12-yə yaxın İran raketini məhv ediblər”, – deyə o, əlavə edib.
Siyasi ekspert söyləyib ki, bu gün ABŞ və NATO-nun İordaniya ilə bağlı çox ciddi planları mövcuddur:
“Bu planlardan biri odur ki, NATO-nun Şərqi Avropaya genişlənmə taktikası çərçivəsinə ərəb ölkələrində də sözügedən strategiyanı həyata keçirmək istəyirlər. Hətta rəsmi olaraq seçilən ölkələrdən biri də İordaniyadır. Çünki təxminən 3 ay bundan öncə Əmmanda NATO-nun təmsilçiliyi açıldı və bu, bir o qədər də Ankaranın xoşuna gəlmədi. Hətta Türkiyə rəsmiləri elan etdilər ki, Yaxın Şərqdə Türkiyə kimi önəmli bir müttəfiq ola-ola İordaniya ilə bu məsələləri müzakirə etmək müttəfiqlik prinsiplərinə sığmayan bir addımdır. Ona görə də artıq Ankara Əmmanın NATO üzvü olmasını bir o qədər də xoş qarşılamır. Məhz İordaniya isə bu məsələdən çıxış edərək, Türkiyə ilə üstün müstəviyə gəlmək niyyətindədir. Amma məsələ odur ki, əhalisinin çox hissəsinin fələstinli qaçqınlardan ibarət olmasına baxmayaraq, İordaniya heç bir halda, İrana görə İsrail ilə münasibətlərini pisləşdirməyəcək”.
“Burada Misir məsələsinə toxunsaq, deyə bilərik ki, Misir İslam dünyasında çox böyük gücə və önəmə sahib olan bir ölkədir. Əslində, Misir siyasi İslamın mərkəzi hesab edilə bilər. Çünki bu gün HƏMAS belə ideoloji baxımdan “Müsəlman Qardaşları” təşkilatına bağlı bir strukturdur. Təxminən 1 ay bundan öncə “Müsəlman Qardaşları” Sisi hökumətinə məktub göndərdilər ki, onlar iqtidarla barışıq əldə etməyə və ölkənin siyasi həyatından tamamilə çəkilməyə hazırdırlar. Yetər ki, onlara bəlli fəaliyyət çərçivəsi verilsin. Yəni bu qurum ictimai islahla məşğul olmağı hakimiyyətə təklif etsə də, Sisi bunu rədd etdi”, – deyə o vurğulayıb.
Politoloq yekunda onu da deyib ki, Misir bölgədə İsrail-Fələstin münaqişəsi zamanı istər FƏTH, istərsə də HƏMAS olsun, danışıqlarda vasitəçi missiyasına sahib olub:
“İranlı rəsmilərin Misirə səfərinin səbəbi odur ki, İsrail ilə Qahirə üzərindən diplomatik kanallar qurulsun. Bu da heç bir halda inandırıcı deyil. Hər nə qədər bu gün Qəzza hadisələrinə görə Misirlə İsrail arasında xoşagəlməz münasibətlər olsa da, bu ölkə də İsrailə qarşı hər hansı bir addım atmayacaq. Bu baxımdan, düşünmürəm ki, burada konkret nəticələrə gəlinə bilər. Çünki hər üç ölkə, əsasən də Misir və İordaniya ABŞ-yə daha da bağlıdırlar, nəinki İslam həmrəyliyinə. Ona görə ki, bu ölkələrdə ümmətçi nəzəriyyə yoxdur. Reallıq budur ki, hər bir ölkənin öz maraqları var. Bu baxımdan, nə Misir, nə İordaniya, nə də Türkiyə bu məsələdə addım atmayacaq”.