BAKI, Arab.AZ
İran xarici işlər naziri Abbas Araqçi, ölkəsinin Livanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və xüsusilə diplomatik səylər başda olmaqla İsrail işğalının sona çatdırılması üçün Livanın atdığı addımlara dəstək verdiyini vurğulayıb.
Arab.AZ xəbər verir ki, bu barədə Araqçi Beyrutda Livan Prezidenti Cozef Aun, Parlament sədri Nəbih Bərri, Baş nazir Nəvaf Salam və həmkarı Livan xarici işlər naziri Yusuf Raci ilə görüşündə bildirib.
Aun isə Araqçiyə bildirib ki, Livan İran ilə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə ümid edir.
“İsrailin Livana qarşı apardığı müharibədə dağıdılmış ərazilərin bərpası hazırda hökumətin qardaş və dost ölkələrlə qanuni çərçivədə əməkdaşlıq etdiyi prioritet məsələlərdən biridir” – deyə, Aun qeyd edib.
“Daxili dialoq mübahisəli məsələlərin həllinə açardır, eləcə də dövlətlərarası dialoq zorakılıqdan uzaq şəkildə baş verməlidir, çünki İrandan tutmuş Körfəz ölkələrinə və Livana qədər regionda çoxsaylı ölkələr müharibələrdən və onların mənfi nəticələrindən əziyyət çəkib” – deyə, o əlavə edib.
Aun, Oman vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqlarının müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib.
“İran xalqı rifah içində yaşamağa layiqdir. Bu müzakirələrin müsbət nəticəsi təkcə İran üçün deyil, bütün region üçün faydalı olacaq” – deyə, Aun vurğulayıb.
Aun həmçinin Araqçinin vurğuladığı dövlətlərarası münasibətlərin səmimiyyət, dostluq, qarşılıqlı hörmət və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulmalı olduğu fikrini dəstəklədiyini bildirib.