QÜDS, ArabAZ
Bazar günü səhər tezdən İranın raket hücumu nəticəsində İsrailin Rəhovot şəhərində yerləşən “Vaizman Elmlər İnstitutu”na məxsus bir binada ciddi dağıntılar baş verib.
“Vaizman Elmlər İnstitutu” İsraildə elmi tədqiqat sahəsində ən mühüm qurumlardan biri sayılır. Silah istehsalı ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etməsinə baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu üçün bu institut bir növ “lənətə çevrilmiş yer” kimi görünür.
Belə ki, Qəzzada müharibə başladıqdan bəri hər şənbə axşamı burada hökumət əleyhinə, müharibənin dayandırılması və HƏMAS-la əsir mübadiləsi sazişinin bağlanması tələbilə aksiya keçirilir.
“New York Times” qəzetinin yaydığı məlumatlara görə, laboratoriyaları olan binalardan birində yanğın baş verib və içəridə insanların qalmış ola biləcəyi ehtimalı səbəbindən narahatlıq yaranıb. İnstitutda tələbə olan 31 yaşlı italyan doktorant Alan Monziani qəzetə açıqlamasında bildirib ki, sığınacaqdan çıxdıqdan sonra gördüyü dağıntılardan dəhşətə gəlib. Onun sözlərinə görə, Xərçəng Araşdırma Mərkəzinin divarlarının böyük hissəsi yox olmuşdu və binanın raketlə birbaşa vurulub-vurulmadığını müəyyən etmək çətin idi, çünki yanğın hələ də davam edirdi. Partlayışın təzyiq dalğası yaxınlıqdakı digər binaların da şüşələrini sındırıb.
İsrailin qurulmasından əvvəlki dövrə gedən tarixi
Tel-Əvivin cənubundakı Rəhovot şəhərində, Hertsel küçəsində yerləşən Vaizman İnstitutu, fizika, kimya və süni intellekt də daxil olmaqla müxtəlif sahələrdə İsrailin ən qabaqcıl elmi-tədqiqat mərkəzlərindən biridir.
Əvvəlcə 1934-cü ildə Londondan olan Daniel ibn İsrail və Rebekka Sifin xatirəsinə “Daniel Sif İnstitutu” olaraq qurulub. 1949-cu ildə institut İsrailin ilk prezidenti və özü də kimyaçı olan Hayim Vaizmanın şərəfinə onun adı ilə adlandırılıb.
Vaizman institut İsrail dövlətinin qurulmasından əvvəl – Britaniya mandatı dövründə yaradılan elmi mərkəzlərdən biri idi. Məsələn, 1912-ci ildə Haifada Texnion Texnologiya İnstitutu, 1925-ci ildə Qüdsdə İvrit Universiteti və 1934-cü ildə Rəhovotda Vaizman İnstitutu bu sıraya daxildir. Hayim Vaizman prezident seçildikdən sonra 1949-cu ildə institutu rəsmi şəkildə açıb və daha sonra genişləndirib.
Elm və texnologiyanın mərkəzi
Vaizman Elmlər İnstitutu bu gün İsrailin elmi və texnoloji inkişafında əsas rol oynayır. İnstitutda təxminən 2500 nəfər alim və tələbə fəaliyyət göstərir və burada yalnız magistratura və doktorantura səviyyəsində təhsil verilir. Riyaziyyat, fizika, biologiya, kimya, biokimya, kompüter elmləri və yüksək dəqiqlikli tibbi texnologiyalar üzrə ixtisaslar mövcuddur. Süni intellekt və yüksək texnologiyalarla yanaşı, hərbi sahələr üzrə də araşdırmalar aparılır.
Vaizmandan sonra institutun rəhbərliyini bir müddət İsrailin xarici işlər naziri Aba İban (1959–1966) həyata keçirib. İnstitutun 9 alimi Nobel mükafatı və ya ona ekvivalent “Turing” mükafatını alıb və bu institut İsraildə ən çox elmi patentə sahib qurumdur.
İnstitutun rəsmi saytına görə, burada 5 fakültədə (biologiya, biokimya, kimya, fizika və kompüter elmləri) 250 elmi qrup fəaliyyət göstərir. Saytda qeyd olunur ki, bu institut dünyada qabaqcıl elmi mərkəzlərdən biridir.
Əldə edilən uğurlar və Nobel laureatları
Vaizman İnstitutunun alimləri döl mayesindən analiz üsulunu, multisklerozun müalicəsində istifadə edilən dərmanları, sənaye və tibbi istifadə üçün nanomaterialları, eləcə də irəliləmiş kompüter texnologiyaları və məlumat saxlanması sahəsində yeniliklər kəşf etmişlər.
Xərçəng sahəsində aparılan tədqiqatlar nəticəsində kolon və düz bağırsaq xərçəngi üçün Erbitux dərmanı hazırlanıb. Alimlər həmçinin süd vəzi, yumurtalıq və prostat xərçəngi sahəsində mühüm ideyalar ortaya qoyublar.
2009-cu ildə biostruktural biologiya üzrə çalışan professor Ada Yonat ribosomun struktur şifrəsinin deşifrə olunmasına görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Bu nailiyyət antibiotiklərə qarşı müqavimətin öyrənilməsində və yeni dərmanların inkişafında əhəmiyyətli rol oynayıb. Eyni zamanda, 3 kompüter alimi “Turing” mükafatını qazanıb.
“Elmi təhlükəsizlik dövləti” və hərbi əlaqələr
İnstitutun İsrail ordusu və təhlükəsizlik qurumları ilə sıx əlaqəsi var. Bu, digər İsrail universitetləri üçün də keçərlidir. İnstitut, xüsusən “Elbit Systems” və “İsrail Aerokosmik Sənayesi” kimi əsas silah istehsalçıları ilə sıx əməkdaşlıq edir.
İnstitutun illik büdcəsi 600 milyon dollar təşkil edir, bunun dörddə biri dövlət tərəfindən qarşılanır. Ümumilikdə 2.7 milyard dollarlıq investisiya portfeli var və ixtiralarından əldə edilən gəlir institutun büdcəsinin yarısını təşkil edir.
2023-cü ildə yayımlanan “Fildişi və Polad Qüllələr: İsrail Universitetlərinin Fələstin Azadlığına Qarşı Rol” adlı kitabında dr. Maya Vində qeyd edir ki, bu institutlar sionist layihənin əsas dayaq nöqtələri kimi xidmət edib və İsrail dövlətinin ideoloji və kadr bazasını təmin ediblər.
Kitabda qeyd olunur ki, bu universitetlər ABŞ və NATO-nun hərbi-sənaye kompleksi ilə uzlaşdırılmış şəkildə fəaliyyət göstərir, öldürmə robotları, müşahidə cihazları, etirazçıları idarə etmə və işgəncə texnologiyaları üzərində çalışırlar və bu texnologiyalar Fələstinlilər üzərində test edilir.
Maya Vində Haifa Universitetindəki 31 mərtəbəli binanın son mərtəbəsinin birbaşa orduya məxsus olduğunu qeyd edərək, universitetlərin müdafiə sisteminə necə inteqrasiya olunduğunu izah edir.
Netanyahunun “lənəti” və müxalif alimlər
İsraildə yüksək nüfuza malik olmasına baxmayaraq, Netanyahu üçün bu institut bir “sınaq nöqtəsinə” çevrilib. Alimləri hər şənbə axşamı institutun qarşısında hökumət əleyhinə nümayişlər keçirirlər. İki il əvvəl hökumətin məhkəmə sistemini zəiflətmək planına qarşı başladılan etirazlar, Qəzza müharibəsi başlayandan sonra “partiya və şəxsi maraqlara xidmət edən müharibə” şüarı ilə davam etdirilib.
İranın cavabı və instituta raket zərbəsi
İsrail cümə günü “Yüksələn Aslan” əməliyyatı çərçivəsində İranın nüvə və hərbi infrastrukturuna hücum etdi. Bu hücum nəticəsində İran Silahlı Qüvvələrinin və “Sepah”ın yüksək rütbəli komandirləri, o cümlədən nüvə alimləri öldürüldü, uran zənginləşdirmə obyektləri dağıdıldı. İsrail təxminən 200 təyyarənin iştirakı ilə 100-dən çox hədəfi vurduğunu açıqladı.
Cavab olaraq, İran bazar günü səhər saatlarında müxtəlif bölgələrə raket hücumu həyata keçirdi. Rəhovotdakı Vaizman İnstitutuna atılan birbaşa raket nəticəsində institutun binalarında ciddi dağıntılar meydana gəldi. Sosial mediada paylaşılan videolarda partlayış və dərhal sonra elektriklərin kəsildiyi görünür.
Əldə edilən israilli kəşfiyyat məlumatlarına əsasən, bu institut qəsdən hədəfə alınıb. Bu, müharibənin ilk iki günü ərzində Tehranda öldürülən 9 nüvə aliminin qisası kimi qiymətləndirilir. Müxtəlif hərbi müdafiə sistemləri ilə qorunmasına baxmayaraq, İran raketi müdafiə sistemlərini aşaraq instituta birbaşa dəydi. Hücum səhər tezdən baş verdiyi üçün insan itkisi qeydə alınmayıb.