İraq regional müharibənin son eskalasiyasından əvvəl, iyul ayında Hörmüz boğazı və Ceyhan boru kəməri vasitəsilə neft ixracını artırıb. Bu barədə məlumatı Neft naziri Bassem Məhəmməd Xudair verib. O bildirib ki, Bağdad əsas ixrac marşrutunun kəsilməsi səbəbindən itirilən gəlirləri bərpa etməyə çalışır.
ArabAZ xəbər verir ki, nazir Vaşinqtonda “Asharq Bloomberg”ə verdiyi müsahibədə qeyd edib ki, müharibədəki son kəskinləşmədən əvvəl hər iki çıxış marşrutu ilə gündəlik orta daşıma təxminən 1.5 milyon barrelə çatıb. Bu rəqəm İraqın müharibədən əvvəlki ixrac həcmindən xeyli aşağı olsa da, “Bloomberg”in iyun ayı üçün təxmin etdiyi daşıma həcmindən təxminən üç dəfə çoxdur.
Bağdadın neft satışları üçün əsas marşrut olan Hörmüz boğazının bağlanması ölkəni ağır maliyyə itkiləri ilə üz-üzə qoyub. İraq bu itkiləri kompensasiya etmək üçün ixracı əhəmiyyətli dərəcədə artırmaq yolları axtarır. Eyni zamanda, hökumət Hörmüzdə gələcəkdə yarana biləcək kəsintilərdən gəlirlərini qorumaq məqsədilə Türkiyə və Suriya vasitəsilə alternativ ixrac dəhlizlərinin qurulması planlarını sürətləndirir.
İraq son regional gərginliklərdən əvvəl, iyul ayında Hörmüz boğazı və Ceyhan kəməri vasitəsilə neft ixracını gündəlik 1.5 milyon barrelə çatdırıb. Hörmüz marşrutunun bağlanması səbəbindən iqtisadiyyatının 15% kiçilmə təhlükəsi ilə üzləşən Bağdad Türkiyə və Suriya vasitəsilə alternativ quru boru kəmərləri çəkməyi planlaşdırır. Baş nazir Əli əz-Zeydinin ABŞ səfəri çərçivəsində 60 milyard dollarlıq enerji müqavilələri imzalanıb və Türkiyə ilə Ceyhan kəmərinin istismarına dair müvəqqəti razılaşma əldə olunub. Hökumətin əsas hədəfi hasilatı 7 milyon barrelə çatdırmaq və gəlirləri regional fasilələrdən qorumaqdır.
Nazir Xudair bu həftə ABŞ və İran arasında yenidən başlayan hücumların ixrac həcminə təsiri barədə ətraflı məlumat verməyib. O, sadəcə bu münaqişənin İraqdan kənar ölkələrə də təsir etdiyini bildirməklə kifayətlənib.
“Standard Chartered“in təxminlərinə görə, İraq iqtisadiyyatı bu böhrana regionda ən çox məruz qalan iqtisadiyyatlardan biridir və ölkənin ümumi daxili məhsulu (ÜDM) bu il 15% kiçilə bilər. Çünki neft satışından əldə olunan gəlirlər hökumət gəlirlərinin təxminən 90%-ni təşkil edir.
İraq daha böyük OPEC kvotası istəyir
Neft gəlirlərindən olan bu yüksək asılılıq Bağdadın Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) daha yüksək hasilat kvotası alması zərurətini artırıb. Bununla belə, nazir hökumətin bu karteldən çıxmaq niyyətinin olmadığını bir daha bəyan edib.
İraq OPEC-dən çıxmır, lakin ədalətli hasilat kvotası tələb edir
“Biz nikbinik. OPEC üzvləri bizim dostlarımızdır. İraqın son əlli ildə dözdüyü müharibələri nəzərə alsaq, onun xüsusi bir vəziyyəti var” – deyə, Bassem Məhəmməd Xudair.
Xudair əlavə edib ki, İraqın OPEC-ə üzvlüyü ölkəyə “təhlükəsiz iqtisadi çətir” qazandırır və bu çətir altında nefti qəbul edilən qiymətlərlə satmaq mümkündür.
Türkiyə və Suriya vasitəsilə alternativ marşrutlar
Nazir bu açıqlamaları Baş nazir Əli əz-Zeydinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin ABŞ-yə səfərinin sonunda verib. Səfər çərçivəsində bir neçə neft və qaz sazişi imzalanıb. Bunların arasında İraqı Aralıq dənizi sahili ilə birləşdirən boru kəmərinin bərpası və istismarı haqqında Suriya ilə bağlanmış ilkin saziş də var. Xudairin sözlərinə görə, bu saziş İraqı alternativ ixrac çıxışı ilə təmin etmək məqsədi daşıyır.
Bağdad hazırda ABŞ-nin “Chevron” və “TI Capital” şirkətləri, eləcə də Qətərin “UCC Holding” şirkətinin daxil olduğu konsodiumla İraqın cənubunu ölkənin şimalı və Suriya sahili ilə birləşdirəcək boru kəməri şəbəkəsinin tikintisi və inkişafı barədə danışıqlar aparır.
Təklif olunan sistemə Bəsrədən Kərkükə və oradan Türkiyənin Ceyhan limanına uzanan bir boru kəməri daxildir. İkinci marşrut isə İraqın qərbindəki Hədisə şəhərindən Suriyanın Aralıq dənizindəki Baniyas limanına qədər uzanacaq. Nazir bildirib ki, bu layihə İraqa iqtisadi təhlükəsizlik və nefti bu çıxışlar vasitəsilə ixrac etmək imkanı verəcək.
Suriya boru kəmərinin ilkin hədəflənən ötürücülük gücü gündəlik təxminən 2 milyon barrel qiymətləndirilir. Tikinti başa çatarsa, bu marşrut regionda ən böyük quru neft ixracı kəmərlərindən birinə çevrilə bilər.
Xudair qeyd edib ki, Bağdad konsodiumla danışıqları bir il ərzində yekunlaşdırmağı, müqavilənin imzalanmasına və tikintinin başlanmasına şərait yaratmağı hədəfləyir. Hörmüz və Ceyhanla yanaşı təcili olaraq əlavə ixrac çıxışlarına ehtiyac olduğu üçün hökumət bu müddəti daha da qısaltmağa çalışır.
İraqın Hörmüz vasitəsilə mövcud ixrac gücü hökumətin hasilat ambisiyalarını tamamlamaq üçün yetərli deyil. Bu səbəbdən gəlirləri artırmaq və iqtisadiyyatı dəniz marşrutlarındakı fasilələrdən qorumaq üçün quru boru kəmərlərinin genişləndirilməsi zəruridir.
İraq, həmçinin Körfəzdəki cənub limanlarından asılılığını azaltmaq üçün xarici investisiyalar cəlb etməyə çalışır. Hazırda ölkənin yalnız bir əsas ixrac boru kəməri var ki, bu kəmər də nefti şimaldan Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına daşıyır.
Gündəlik hasilat hədəfi 7 milyon barreldən çoxdur
Hökumət neft hasilatını gündəlik 7 milyon barreldən çox yüksəltməyi hədəfləyir. Nazir Xudair bu hədəfə çatmaq üçün zaman və böyük həcmdə investisiya tələb olunduğunu bildirib.
İraqın strategiyası təkcə xam neft ixracını artırmaqla məhdudlaşmır. Bağdad, həmçinin neft emalı gücünü genişləndirmək və neftin daha çox hissəsini neft məhsullarına çevirmək istəyir. Hökumət son nəticədə xam neft satışından daha çox dəyər yaradan emal olunmuş yanacağın xalis ixracatçısına çevrilməyi planlaşdırır.
Vaşinqtona edilən səfər ABŞ şirkətləri ilə müxtəlif sektorlar üzrə ümumi dəyəri təxminən 60 milyard dollar olan müqavilələr və ilkin sazişlərlə nəticələnib. Enerji razılaşmaları hasilatın genişləndirilməsinə, ABŞ-nin nəhəng şirkətlərinin İraq yataqlarına cəlb edilməsinə və alternativ ixrac marşrutlarının açılmasına yönəlib. Bu addımlar ölkənin Körfəzdən və Hörmüz boğazından asılılığını azaldacaq.
Ən mühüm hadisələrdən biri “ConocoPhillips” şirkətinin Kərkük yataqları kompleksinin yenidən işlənməsi layihəsində “BP” tərəfindən idarə olunan layihənin 42%-lik payını alacağını elan etməsi olub. Bu kompleks 3 milyard barreldən çox neft ekvivalentində ehtiyata malikdir və hazırda gündəlik təxminən 328 min barrel neft hasil edir. Şirkətlər bu səviyyədən yuxarı hasilat üçün maliyyə stimulları alacaqlar.
Nazir qeyd edib ki, “Chevron”, “Exxon Mobil” və “HKN Energy” kimi şirkətlərlə danışıqlar bir ildən çoxdur ki başlayıb və bu, təkcə regiondakı son hadisələrə verilən bir reaksiya deyil.
Türkiyə ilə müvəqqəti razılaşma
Xudair, həmçinin İraqın Kərkük və Ceyhan arasındakı İraq-Türkiyə boru kəmərinin işlədilməsi ilə bağlı Türkiyə ilə müsbət danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, tərəflər kəmərin istismarını tənzimləyən yeni sazişi tamamlayana qədər müvəqqəti bir razılaşma əldə ediblər.
İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Səlim ər-Rikabi daha əvvəl “Asharq Bloomberg”ə bildirmişdi ki, boru kəmərinin istismarı haqqında sazişi müzakirə etmək və Ceyhan vasitəsilə ixracın davam etdirilməsi mexanizmlərinə baxmaq üçün ötən ayın sonunda İraq Neft Nazirliyi və digər dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Türkiyəyə səfər edib.
Xudair Ceyhan marşrutunu İraqın neft sənayesinin sütunlarından biri kimi xarakterizə edib. O, Ankara ilə münasibətləri təkcə xam neft nəqli ilə məhdudlaşdırmamağa, Türk şirkətlərinin İraq yataqlarının və enerji layihələrinin inkişafında iştirakını da əhatə edən daha geniş əməkdaşlığa çağırıb.
Bu boru kəməri Kürdüstan regionundan gələn gündəlik təxminən 450 min barrel, eləcə də Kərkükdən gələn təxminən 75-100 min barrel neft üçün kritik bir çıxış nöqtəsidir. Bu həcmlər birlikdə İraqın neft ixracının 10%-dən çoxunu təşkil edir və Kürdüstan Regional Hökuməti büdcəsinin təxminən 80%-ni təmin edir.


