BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi – Böyük Britaniya sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmi şəkildə tanımağa hazırlaşır. Baş nazir Keir Starmerin ofisi tərəfindən verilən açıqlamada bildirilir ki, əgər İsrail Qəzza zolağındakı vəziyyəti sonlandırmaq üçün ciddi addımlar atmasa, London Fələstinin dövlət kimi tanınması prosesinə başlayacaq.
Açıqlamada vurğulanır: “İki dövlətli həll yolunu qorumağa qərarlıyıq. Əgər İsrail mövcud dəhşətli vəziyyətin dayandırılması üçün ciddi addımlar atmazsa və davamlı sülhə sadiq qalmazsa, sentyabr ayında BMT Baş Assambleyasında Fələstini tanıyacağıq.”
Britaniya hökuməti İsraildən dərhal atəşkəsə razılaşmasını, BMT-nin Qəzzada humanitar yardımını bərpa etməsini və İordan çayının qərb sahilində yeni ərazilərin ilhaqından imtina etməsini tələb edir.
Bəyanatda bildirilib ki, Fələstin dövləti fələstinlilərinn hüququdur.Britaniya həmçinin əsas müttəfiqləri ilə birlikdə uzunmüddətli siyasi danışıqlar planı hazırlayır və bu plan sülh, təhlükəsizlik və yardımın çatdırılmasını təmin etməyi hədəfləyir.
Starmer HƏMAS-ın Qəzza idarəçiliyindən kənarda qalmalı olduğunu, silahlarını təhvil verməli və girovları azad etməli olduğunu da vurğulayıb.
Böyük Britaniya sentyabr ayında BMT Baş Assambleyası ərəfəsində həm HƏMAS-ın, həm də İsrailin öz öhdəliklərinə nə dərəcədə əməl etdiyini qiymətləndirəcəyini bildirib.
Britaniya Xarici İşlər naziri: Fələstin tanınması üçün tarix verildi
Xarici işlər naziri Devid Lami bəyan edib ki, əgər İsrail Qəzzadakı hərbi kampaniyasını dayandırmazsa və sülhə sadiq qalmazsa, Britaniya sentyabrda Fələstin dövlətini tanıyacaq. Bu açıqlama Səudiyyə Ərəbistanının himayəsi altında keçirilən və Fransanın da iştirak etdiyi “İki Dövlətli Həll” konfransı çərçivəsində səsləndirilib.
Fransadan dəstək: “Sülh ümidini bərpa edək”
Fransa xarici işlər naziri Jan-Noel Barro Britaniyanın bu qərarını alqışlayaraq, “sonsuz zorakılıq dövrünü dayandırmaq və regionda sülh perspektivini bərpa etmək üçün birlikdə çalışmalıyıq” deyə bildirib. O, “X” platformasında yaydığı paylaşımda Fransa tərəfindən başlanan siyasi təşəbbüsə Britaniyanın da qoşulduğunu qeyd edib.
İsrailin reaksiyası: “HƏMAS-a mükafatdır”
İsrail Xarici İşlər Nazirliyi isə bu qərarı sərt tənqid edərək, Britaniyanın Fələstini tanımaq planlarını “HƏMAS-a verilmiş mükafat” kimi qiymətləndirib. Baş nazir Benyamin Netanyahu da bildirib ki, “Starmer HƏMAS-ın vəhşi terrorunu mükafatlandırır və qurbanlarını cəzalandırır.”
Netanyahu qeyd edib ki, “İsrail sərhəddində yaradılacaq bir cihadçı dövlət sabah Britaniyaya təhlükə yaradacaq. Terrorçulara güzəşt heç vaxt nəticə verməyib və bu dəfə də verməyəcək.”
Fələstin xəbər agentliklərinin məlumatına görə, Britaniya Baş naziri bu qərarı Prezident Mahmud Abbasa çatdırıb. Abbas öz növbəsində digər ölkələri də Fələstini tanımağa çağıraraq, bunun “işğalın sona çatdırılması üçün beynəlxalq iradənin olduğunu göstərəcəyini” söyləyib.
Fələstin rəsmisi Hüseyn Əş-Şeyx qərarı beynəlxalq hüquqa və Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna sadiqliyin təzahürü kimi qiymətləndirib.
Artan dəstək: Fələstini tanıyan ölkələrin sayı 147-yə çatdı
2025-ci ilin əvvəlinə olan məlumata görə, dünya üzrə 147 ölkə – o cümlədən Rusiya, Çin, Hindistan, İspaniya, Norveç və İrlandiya – artıq Fələstini dövlət kimi tanıyıb. BMT-yə üzv 193 dövlətdən 75%-i Fələstini tanımış hesab olunur.
2024-cü ildə BMT ekspertləri bütün üzv dövlətləri Fələstini tanımağa çağırmışdı. Son bir ildə 9 ölkə – o cümlədən Ermənistan, Sloveniya və Karib hövzəsinin bir neçə dövləti – bu çağırışa qoşularaq rəsmi tanıma qərarı verib.