BAKI, Arab.AZ
İsrail bir neçə aydır Qəzza zolağına çadırların gətirilməsinə icazə vermir. Bu isə müharibənin və mühasirənin davam etdiyi bir vaxtda, xüsusilə də Qəzza şəhərində mülki əhalinin təxliyə əmrləri fonunda baş verir.
Arab.AZ xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsinin (OCHA) sözçüsü Yens Lark Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İsrail artıq beş aydır çadırların bölgəyə daxil olmasına mane olur. Bu müddətdə 700 mindən çox insan dəfələrlə evlərini tərk etməyə məcbur qalıb.
“İnsanlar çadırlarını qoyub çıxmağa məcbur olurlar. Ola bilsin ki, əvvəl çadır əldə ediblər, amma sonradan yenidən köçməli olduqları üçün onları da götürə bilmirlər. Beləcə, dəfələrlə köçkün vəziyyətinə düşürlər” – deyə Lark vurğulayıb.
Hazırda İsrail Qəzza şəhərinə və qaçqın düşərgələrinə nəzarəti ələ keçirməyə çalışır. Rəsmi məqsəd HƏMAS-ı məhv etmək və 2023-cü ilin 7 oktyabrında baş verən hücum zamanı girov götürülənləri azad etməkdir. Lakin Larkın sözlərinə görə, bu plan humanitar vəziyyəti dəyişməyib və çadırların gətirilməsinə hələ də icazə verilmir.
Humanitar təşkilatların müraciətlərinə rədd cavabı verilərkən İsrail “çadır dirəklərinin hərbi məqsədlər üçün istifadə edilə biləcəyi” bəhanəsini irəli sürür. Lark əlavə edib ki, tətbiq edilən əlavə bürokratik maneələr yardımın sürətli çatdırılmasını təmin etmir, əksinə, qarşısını alır.
Eyni zamanda, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bildirib ki, İsrail fələstinliləri bombardman altındakı ərazilərə yönləndirir. Ofisin sözçüsü Zəmen əl-Xitab qeyd edib ki, yüz minlərlə qəzzalıya cənuba – əl-Mavasi bölgəsinə getmək əmri verilib, lakin həmin ərazi də hələ hava zərbələrinin hədəfindədir.
Onun sözlərinə görə, Mavasi bölgəsində insanlar yalnız minimum səviyyədə təmin olunurlar: qida, içməli su, elektrik və sığınacaq üçün çadırlar kifayət qədər yoxdur.
İsrail hökuməti isə Qəzzaya nəzarət planının detalları barədə ictimaiyyətə hələ rəsmi açıqlama verməyib.