BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi
Misir hökumətinin elektrik stansiyalarının işləməsi üçün həyati əhəmiyyət kəsb edən təbii qaz ehtiyaclarını təmin etmək məqsədilə son günlərdə atdığı addımlar, xüsusilə də İsraildən qaz idxalının azaldılması fonunda, Qahirə ilə Təl-Əviv arasında dərinləşən diplomatik gərginliyin enerji sahəsinə də sirayət etdiyini göstərir.
Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir.
Misir hazırda Rusiya ilə qazın mayeləşdirilməsi üzrə stansiyaların qurulması istiqamətində danışıqlar aparır. Bundan əvvəl isə Qahirə, Ankarayla bir saziş imzalayaraq, Türkiyənin nəhəng qaz tankerlərindən birini icarəyə götürüb. Bu tanker mayeləşdirilmiş qazı qəbul edib, onu yenidən qaz halına gətirərək yerli enerji şəbəkəsinə ötürmək gücünə malikdir.
Eyni zamanda, Misir Qətərlə uzunmüddətli qaz təminatı sazişləri bağlayıb. Misirin neft naziri Kərim Bədəvi bu məqsədlə Dohada bir sıra görüşlər keçirib. 2013-cü ildən bəri Qətər qazının idxalını dayandıran Qahirə üçün bu addım iki ölkə münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilir.
İsrail isə iyul və avqust aylarında Misir üçün qaz tədarükünü gündəlik 1 milyard kubfutdan 800–850 milyon kubfuta endirməyi planlaşdırır. Bununla yanaşı, Təl-Əviv, qazın hər milyon kubfuta görə qiymətini 25 faiz artıraraq 9.4 dollara çatdırmaq istəyir. Bu isə qlobal qaz qiymətlərinin ucuzlaşdığı dövrdə belə, Misirdə enerji xərclərini artıracaq.
İsrailin bu qərarı daxildə qaz ixracının məhdudlaşdırılması tələblərinin artması fonunda qəbul edilib. Misirin isə alternativ qaz mənbələri axtarmağa başlaması, Təl-Əvivlə səfir mübadiləsini dayandırması və Qəzzadakı müharibənin davam etməsi, bütün bunların arxasında siyasi faktorların dayandığını göstərir.
Beş il əvvəl başlamış Misir-İsrail qaz əməkdaşlığı uzun müddət sabit qalsa da, Qəzza müharibəsi bu sahəyə ciddi təsir göstərib. Müharibənin ilk aylarında qaz axını tamamilə dayanmışdı və sonradan qismən bərpa edilib.
Misirin milli təhlükəsizlik məsələlərində Qəzza müharibəsinin təsirlərini nəzərə aldığı bildirilir. Milli təhlükəsizlik eksperti general Məhəmməd Əbdülvahid bildirib ki, son illərdə hər iki ölkə sülh sazişinə sadiq qalsa da, İsrailin Qəzzadakı vəziyyəti siyasiləşdirməsi və fələstinliləri zorla köçürmək planları Qahirənin ciddi narazılığına səbəb olub.
Əbdülvahid həmçinin qeyd edib ki, İsrailin Misirin hərbi gücünü inkişaf etdirməsinə qarşı yönələn tənqidləri, eləcə də Baş nazir Netanyahu hökumətinin ABŞ-a arxalanaraq Qəzzanı fələstinlilərdən “boşaltmaq” planı, ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb. Onun sözlərinə görə, İsrail Misirin “qırmızı xətlərini” keçərsə, bu gərginlik silahlı qarşıdurmaya çevrilə bilər. Bu xətlər fələstinlilərin zorla köçürülməsi və onların Sina bölgəsinə yönləndirilməsi ehtimalını əhatə edir.
Ekspert əlavə edib ki, İsrail ABŞ-ın diqqətini Misirin Çin və Rusiya ilə yaxınlaşmasına, o cümlədən Çin hərbi aviasiyasının Misir hava məkanında görünməsinə çəkməyə çalışır. Bu isə iqtisadi əməkdaşlıq da daxil olmaqla, ikitərəfli münasibətlərin bir çox sahəsinə mənfi təsir göstərir. Hazırda Təl-Əvivdə Misirin səfiri yoxdur və İsrailin Qahirədə yeni səfir təyin etməsinə də Mısır etiraz edir.
İsrailin “Yediot Aharonot” qəzeti yazır ki, İsrailin yeni səfiri Uri Rotmanın akreditasiya sənədləri Qahirə tərəfindən qəbul edilməyib. Buna səbəb İsrailin Qəzzadakı hərbi əməliyyatları və Rafah şəhərində yerləşməsi göstərilir ki, bu da Misirin milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir.
İqtisadçı ekspert Əli İdrisi bildirib ki, diplomatik gərginlik iqtisadi münasibətlərə, o cümlədən qaz təchizatı və ümumi ticarətə təsir edir. İsrail və Misir arasında illik ticarət dövriyyəsi 3 milyard dolları keçmir və qaz ixracı üzrə əməkdaşlıq da bu ticarətin bir hissəsidir.
İdrisi əlavə edib ki, İsraildə Misirlə ticarət əlaqələrinin azaldılması çağırışları artır və bu, yaxın aylarda qaz təchizatına da təsir edə bilər. Qaz, artıq beynəlxalq münasibətlərdə təzyiq aləti kimi istifadə edilir və İsrail bu yolla Qahirəyə Qəzza məsələsində istədiyi nəticələri diktə etməyə çalışır. Bu səbəbdən Mısır uzunmüddətli alternativ sazişlərlə öz enerji təhlükəsizliyini təmin etməyə çalışır.
Misirdə enerji qıtlığının ilk əlamətləri artıq görünməyə başlayıb. Aprel ayının sonundan etibarən ağır sənaye müəssisələrinə qaz təchizatı 10 faiz azaldılıb və bu, ötən il elektrik enerjisinin kəsilməsi ilə müşahidə olunan böhranın təkrarlanacağına dair xəbərdarlıq kimi qiymətləndirilir.