BAKI, Arab.AZ
İsrailin sabiq Baş naziri Naftali Bennett, ölkəsinin Amerika Birləşmiş Ştatlarındakı nüfuzunun ciddi şəkildə zədələndiyini və artıq “parya dövlət” (kənarlaşdırılmış dövlət) kimi qəbul edildiyini bildirib.
Arab.AZ xəbər verir ki, Vaşinqton və Nyu-Yorka etdiyi 10 günlük səfərin ardından sosial media platforması X üzərindən paylaşım edən Bennett, “İsrailin ABŞ-dakı nüfuzu geriləyir” başlıqlı mesajında ciddi xəbərdarlıq edib.
2021–2022-ci illər arasında baş nazir vəzifəsində çalışan Bennett, ABŞ-da uzun illər yaşadığını və İsrailin təbliğatı ilə məşğul olduğunu xatırladaraq, bu qədər mənfi atmosferin heç vaxt olmadığını vurğulayıb.
“İsrail artıq parya dövlət kimi qəbul edilir” deyən siyasətçi, ABŞ-dakı siyasi dəstəyin də azaldığını qeyd edib. Onun sözlərinə görə, Demokrat Partiyası ilə əlaqələr kəsilib, Respublikaçılar Partiyası ilə olan ənənəvi yaxınlıq da zəifləməkdədir.
Bennett, keçmiş prezident Donald Tramp dövründə İsrailə müəyyən dəstəyin qaldığını qeyd etsə də, MAGA hərəkatı daxil olmaqla sağ yönlü siyasi dairələrin də İsraildən uzaqlaşdığını bildirib. “Hətta bizə dost olanlar belə artıq İsraili müdafiə etməkdə çətinlik çəkirlər”, – deyə o bildirib.
Sabiq baş nazir, Qəzzadakı humanitar böhran və aclıq iddialarının ABŞ ictimaiyyətində geniş rezonans doğurduğunu və bunun reallıq kimi qəbul edilməyə başlandığını qeyd edib. O əlavə edib ki, bu kampaniyalar İsrail cəmiyyətini və əsgərlərini uzunmüddətli şəkildə damğalamaq məqsədi daşıyır.
Bennett, ABŞ-da israillilərin getdikcə daha çox “yük” kimi göründüyünü və Amerikalı yəhudilərin görünməmiş səviyyədə antisemitizmə məruz qaldığını vurğulayıb. Onun sözlərinə görə, həm radikal sol, həm də sağ çevrələr yəhudiləri iqtisadi böhranların günahkarı kimi göstərməyə çalışır.
Sonda Bennett bildirib ki, Həmasın əlində olan israilli girovların vəziyyəti ABŞ ictimaiyyətində demək olar ki, heç bir əks-səda doğurmur və “7 oktyabr qətliamı belə yavaş-yavaş unudulur”.