BAKI, Arab.AZ
İsrail hökumətinin Qəzza zolağındakı işğalı davam etdirmək qərarı humanitar vəziyyətin daha da ağırlaşmasına və hərbi gərginliyin artmasına səbəb olur.
Arab.AZ xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Corca Meloni açıqlama verib.
O, həmçinin İordan çayının qərb sahilində yeni yaşayış məntəqələrinin inşasını da kəskin şəkildə pisləyib.
“İtaliya İsrail hökumətinin Qəzza zolağı və İordan çayının qərb sahilində qəbul etdiyi son qərarlardan narahatdır və sülhə, təhlükəsizliyə, beynəlxalq hüquqa sadiqliyini qətiyyətlə təsdiq edir. Qəzzadakı işğalı davam etdirmək qərarı, 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən həyata keçirilən qeyri-insani terror hücumuna cavab kimi göstərilsə də, bu yalnız hərbi gərginliyi artıracaq və humanitar vəziyyəti daha da ağırlaşdıracaq. İtaliya həmçinin İsrailin İordan çayının qərb sahilində yeni yaşayış məntəqələrinin inşasına icazə verməsini pisləyir. Bu addım beynəlxalq hüququ pozur və iki dövlətli həll yolunu birdəfəlik təhlükə altına sala bilər” – deyə, Meloninin bəyanatında qeyd olunub.
Meloni həmçinin bildirib ki, İtaliya sülhün bərqərar olunması üçün bütün səyləri dəstəkləməyə və münaqişədən sonra nizamlanma prosesinə töhfə verməyə hazırdır.
Qeyd edək ki, müxalifət dəfələrlə Meloni hökumətini tənqid edib. Onlar Romanın Fələstini tanımamasını və İsrailin Qəzzadakı fəaliyyətinə görə açıq şəkildə qınanmamasını vurğulayıblar.