BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi
İsrail ordusunun Qətərdə HƏMAS rəhbərlərinə qarşı hücum həyata keçirdiyini elan etməsindən sonra, çərşənbə axşamı qlobal maliyyə bazarlarında gərginlik artdı. Bu bölgədə münaqişəni daha da kəskinləşdirdi və investorları təhlükəsiz sayılan aktivlərə yönəlməyə məcbur etdi. Nəticədə qızılın qiyməti tarixi rekord səviyyəni aşaraq ən yüksək göstəricisinə yüksəldi.
Təsir yalnız qızıl ilə məhdudlaşmadı; yapon yeni və isveçrə frankı gün ərzində qazandıqları mövqeləri qorudu. Neftin qiyməti isə bir barel üçün təxminən 1 dollar artaraq 67 dollara yaxınlaşdı.
Londonun «Pepperstone» şirkətinin baş tədqiqat strateqi Maykl Braun bildirib ki, “neft və qızıl qiymətlərində dərhal artım tamamilə məntiqlidir”. Bununla belə, o hesab edir ki, bu yüksəliş uzun çəkməyəcək.
“Bu hücumlara böyük reaksiya verilməsi ehtimalı az görünür. ABŞ-ın bu əməliyyata dəstək verdiyi xəbərləri və Qətərin dərhal sərt cavab verməməsi gərginliyin daha da artmayacağını göstərir”-deyə o qeyd edib.
O bildirib ki, gözlənilir ki, neftin qiymətindəki yüksəliş nisbətən tez geri çəkiləcək.
“Son aylarda geosiyasi gərginliklərlə bağlı artımların sürətlə sönməsini gördük. Çünki bazar əsasları hələ də təklif bolluğunu göstərir və OPEC+ gələn aydan əlavə barelləri bazara çıxarmağa hazırlaşır”-Braun bildirib.
İtaliyanın Milan şəhərində yerləşən «Banca Ifigest» bankının institusional müştərilər şöbəsinin rəhbəri Karlo Françini isə vəziyyəti belə şərh edib:
“Vasitəçilik etməyə çalışan ölkələrin hədəfə alınması indiki məqamda heç də ideal deyil”. O əlavə edib ki, “fond bazarları böyük reaksiya göstərməsə də, qızıl bunu edir — qiymət ən yüksək səviyyəyə çatdı. Görünən odur ki, vəziyyət daha da pisləşməyə doğru gedir”.-deyə o vurğulayıb.