BAKI, Arab.AZ
İsraillə yeni razılaşma yalnız əsir mübadiləsi deyil, hərbi əməliyyatların dayandırılmasını da təmin etməlidir.
Arab.AZ xəbər verir ki, bu sözlər HƏMAS-ın Siyasi Bürosunun üzvü Basim Nəimin verdiyi açıqlamada yer alıb.
O bildirib ki, İsraillə əldə olunacaq hər hansı yeni razılaşma yalnız əsirlərin mübadiləsini deyil, tam atəşkəsi və İsrail ordusunun Qəzzadan çıxarılmasını da nəzərdə tutmalıdır.
“Biz müharibənin başa çatmasını və düşmənin qüvvələrinin Qəzzadan çıxarılmasını nəzərdə tutan hər hansı yeni təklifə ciddi və müsbət yanaşırıq. Ancaq bizi tələyə salıb bu prosesi yalnız əsir mübadiləsi ilə məhdudlaşdırmaq, sonra isə hücumları yenidən başlatmaq cəhdlərinə imkan verməyəcəyik” – deyə Nəim bildirib.
Nəim təsdiqləyib ki, hazırda HƏMAS nümayəndə heyəti Qahirədə yerləşir və vasitəçilərlə müharibənin dayandırılması və Qəzzaya humanitar yardımların girişinə şərait yaradılması məsələlərini müzakirə edir.
Xatırladaq ki, keçən gün HƏMAS Qəzzadakı lideri Xalil əl-Heyya rəhbərliyində bir nümayəndə heyətinin Qahirəyə göndərildiyini elan etmişdi. Məqsəd Misir və Qətər vasitəçiləri ilə atəşkəsin əldə olunması və mərhələli razılaşmalar üzrə məsləhətləşmələrin davam etdirilməsidir.