BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi
İranın dəstəklədiyi Hizbullahın silahsızlaşdırılması, Nəvaf Salam hökumətinin qarşısında duran əsas problemlərdən biridir. Bu məsələ həm prezidentin andiçmə nitqində, həm də fevral ayında parlamentin etimadını qazanan hökumətin proqram bəyanatında qeyd olunmuşdu.
Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir.
Bu məsələ, Livanın beynəlxalq ictimaiyyət və noyabr ayında İsraillə əldə olunan atəşkəs sazişinin təminatçıları qarşısında götürdüyü öhdəliklərdən biridir.
Ədliyyə naziri Hizbullahın silahsızlaşdırılması məsələsinin Nazirlər Kabinetinin gündəliyinə salınmasını tələb edir
Livanın siyasi və hökumət rəsmiləri hesab edirlər ki, bu məsələnin həllinin gecikdirilməsi nə ölkənin, nə də yeni hakimiyyətin maraqlarına uyğundur. Beynəlxalq ictimaiyyət Livana hər hansı yardımı, o cümlədən yenidənqurma prosesini bu addımla əlaqələndirir.
Livan mənbələrinin bildirdiyinə görə, ədliyyə naziri Adil Nassar cümə axşamı günü keçirilən və təhlükəsizlik və hərbi təyinatların təsdiqləndiyi Nazirlər Kabineti iclasında, Hizbullahın silahlarının dövlətə təhvil verilməsi məsələsinin növbəti iclasın gündəliyinə salınmasını tələb edib.
Nassar həmçinin, ümumilikdə silahlanma məsələsinin mümkün qədər tez araşdırılmasına başlanmasını istəyib.
Bu həftənin əvvəlində Livanın xarici işlər naziri Yusif Raci Hizbullahı sərt tənqid edərək bildirib ki, andiçmə nitqində və hökumət bəyanatında ölkənin tam suverenliyini bərpa edəcəyinə dair götürülən öhdəliklər sözdə deyil, əməldə yerinə yetiriləcək.
“Hizbullahın apardığı başını quma soxma siyasəti Livanı xilas etməyəcək. Beynəlxalq ictimaiyyət Livana təzyiq göstərir və istənilən yardım və maliyyə yardımı müvafiq beynəlxalq qərarların icrası ilə şərtləndirilir.Dövlət seçimini bəyənməyənlər alternativ bir yol təklif etsinlər. Hazırda yeganə çıxış yolu dövlətin işləməsinə imkan verməkdir. Daxildəki bəzi tərəflərin müharibə ehtimalı ilə bağlı qorxular yaymasına baxmayaraq, bu mümkün deyil. Çünki vətəndaş müharibəsi üçün ən azı iki tərəf lazımdır, halbuki siyasi qüvvələr artıq dövlətə inteqrasiya olunub və siyasətlə məşğul olmağa qərar veriblər.”-deyə nazir bildirib.
Raci vurğulayıb ki, “biz gecikdikcə təzyiqlər artır, şərtlər sərtləşir və nəticədə daha ağır güzəştlərə getməyə məcbur oluruq. Cənubi Litani bölgəsində ordu yerləşdirilsə də, bu, beynəlxalq ictimaiyyət üçün kifayət deyil, çünki atəşkəs sazişi ordunun şimal bölgəyə də yerləşdirilməsini tələb edir. Lakin Hizbullah bu sazişi fərqli şəkildə şərh edir.”
Hizbullahın silahı təhvil verməsi gözlənilmir
Müşahidəçilər hesab edirlər ki, daxili təzyiqlərə baxmayaraq, Hizbullahın silahlarını təhvil verəcəyi ehtimal olunmur. Çünki bu, onun mövcudluğunun əsasını təşkil edir. Son müharibədə ağır zərbələr almasına baxmayaraq, o, silahını asanlıqla təslim etməyəcək. Bu, təşkilatın baş katibi Naim Qasımın son çıxışından da açıq görünür.
Eyni zamanda, müşahidəçilər bildirirlər ki, prezident Cozef Aun və baş nazir Nəvaf Salam bu məsələni İsraillə sərhədin müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqların nəticələrinə qədər təxirə salmağı üstün tuturlar.
Hərbi və təhlükəsizlik təyinatlarının aparılma üsulu da bu mövqeyi əks etdirir. Çünki təyinatlar yenə də əvvəlki kimi məzhəb və siyasi balanslara əsaslanaraq həyata keçirilib.
Millət vəkili Əbdürrəhman əl-Bizri isə bildirib ki : “Livan xalqı, hökuməti və prezidentliyi olaraq, Hizbullahın silah məsələsini düzgün və uyğun yollarla həll etməlidir. Bu, Taif Sazişinin icrası və dövlətin bütün ərazi üzərində suverenliyinin bərpası üçün vacibdir. Beynəlxalq ictimaiyyət də İsrailin Livanın bəzi ərazilərində mövcudluğunu işğal kimi qəbul etməli və bu işğalın sona çatması üçün qəti tədbirlər görməlidir.”
Bizri əlavə edib ki, “parlamentdəki bütün siyasi bloklar, o cümlədən ‘Müqavimətə Sadiqlik’ və ‘İnkişaf və Azadlıq’ blokları, prezidentin andiçmə nitqini və hökumətin Taif Sazişinə əsaslanan proqram bəyanatını dəstəkləyiblər.