Mərakeş istehsalı olan “Həlimə” (Halima) bədii filmi 28-ci Şanxay Beynəlxalq Film Festivalında iki əsas mükafata layiq görülüb. “Qızıl Qədəh” (Golden Goblet) uğrunda aparılan əsas müsabiqədə Yassin Əl İdrissi “Ən yaxşı rejissor”, Xədicə Amari isə “Ən yaxşı aktrisa” nominasiyasında qalib elan edilib.
ArabAZ xəbər verir ki, bu tarixi qələbə Mərakeş kinosu üçün son illərin ən mühüm mədəniyyət hadisələrindən biri hesab olunur. “Həlimə” filmi Mərakeş kinosunun son 27 ildə Şanxay festivalının əsas müsabiqə proqramına qəbul edilən ilk ekran əsəri olub. Eyni zamanda bu ekran əsəri festivalda ərəb və afrika regionunu təmsil edən yeganə film statusunu daşıyıb.
Qazanılan beynəlxalq uğura baxmayaraq, rejissor Yassin Əl İdrissi Mərakeşin daxili kino sənayesindəki köklü problemləri gündəmə gətirib. O, ölkədəki dövlət dəstəyi sistemini kəskin tənqid edərək rəsmi qurumları ciddi islahatlara çağırıb. Rejissor bildirib ki, Mərakeş kinosunda filmlərin beynəlxalq standartlara cavab verib-vermədiyini müzakirə etməmək qeyri-sağlam mühitdən xəbər verir. Onun sözlərinə görə, rəsmi dairələr reallıqdan qaçmamalı, mövcud statistikaya baxmalı və ölkə kinosunun səviyyəsini riyazi şəkildə dərk etməlidir.

Əl İdrissi dövlət tərəfindən ayrılan qrantların və maliyyə dəstəyinin layihələrin keyfiyyətinə və əldə olunan nəticələrə görə verilməli olduğunu vurğulayıb. Eyni rejissorların zəif nəticələrə rəğmən dəfələrlə yüz minlərlə dollar maliyyə aldığını, gənc məzunların isə kənarda qaldığını bildirən rejissor, bu filmi ərsəyə gətirmək üçün Mərakeş Kinematoqrafiya Mərkəzinə altı dəfə müraciət etdiyini, lakin hər dəfə rədd cavabı aldığını qeyd edib. O, gənc rejissorları dövlət dəstəyini gözləmədən müstəqil şəkildə mübarizə aparmağa çağırıb.
Filmin istehsal prosesi olduqca ağır şərtlərdə keçib. Layihənin ərsəyə gəlməsi dörd ilə yaxın vaxt aparıb ki, bunun da ilk iki ili büdcə toplanması və ssenarinin yazılmasına, qalan iki ili isə çəkiliş və montaj işlərinə sərf olunub. Maliyyə qeyri-müəyyənliyi səbəbindən çəkilişlər fasilələrlə, hissə-hissə reallaşdırılıb. Resurs çatışmazlığı üzündən Yassin Əl İdrissi filmdə eyni vaxtda ssenarist, rejissor, prodüser, montajçı, quruluşçu rəssam və geyim rəssamı funksiyalarını təkbaşına yerinə yetirməli olub. Yarımçıq qalan film yekun mərhələdə “El Gouna” platforması və “MedFilm” festivalından post-prodakşn dəstəyi alaraq tamamlanıb.
Süjet xəttinə gəlincə, film dəniz kənarında sakit həyat yaşayan, lakin keçmiş qanunsuz çətənə ticarətinin sirlərini daşıyan yaşlı bir qadının mürəkkəb mənəvi dramından bəhs edir. Rejissor qeyd edib ki, çətənə təsərrüfatı ilə məşğul olan insanların cəmiyyətdən təcrid edilməsi və dərhal cinayətkar damğası alması düzgün deyil. Mərakeşdə tibbi və sənaye məqsədli çətənə istehsalını qanuniləşdirən rəsmi qanunun qəbul edilməsi bu icmalara ləyaqətli həyat üçün yeni alternativlər yaradıb və kino bu sosial reallıqları gizlətməməlidir.
Şanxay festivalındakı qələbəni “Şərqin Şərqə verdiyi dəyər” kimi qiymətləndirən Əl İdrissi, Qərb festivallarının monopoliyasından kənarda belə bir uğurun qazanılmasının Mərakeşli gənc kinematoqrafçılar üçün böyük ümid mənbəyi olduğunu bildirib.

