Səudiyyə əsilli tanınmış model Şanina Şayk bu həftə “Avstraliya Moda Həftəsi 2026” (Australian Fashion Week) çərçivəsində podiuma möhtəşəm dönüş edib. Sidney Limanının (Sydney Harbour) füsunkar mənzərəsi fonunda keçirilən tədbirdə Şayk, Avstraliyanın ikonik moda evi “Carla Zampatti“nin ən çox gözlənilən kolleksiyasını təqdim edib. Bu il 30-cu buraxılışını qeyd edən Avstraliya Moda Həftəsi çərçivəsində baş tutan nümayiş, ölkənin moda tarixində ardıcıl olaraq kolleksiyalarını sərgiləyən nadir brendlərdən biri olan “Carla Zampatti” üçün növbəti tarixi mərhələ kimi yadda qalıb.
ArabAZ xəbər verir ki, kreativ direktor Tanya Emon Biattinin “Carla Zampatti” üçün hazırladığı son kolleksiya brendin imza üslubu olan qlamuru müasir auditoriya üçün yenidən şərh etməyə fokuslanıb. Podiumda axıcı atlaz parçalar, lələk detallı axşam geyimləri, kəskin kəsimli dərzi işləri, həmçinin monoxrom rənglərlə yanaşı, zərif yasəmən və metalik tonlarda olan bərəkli donlar nümayiş etdirilib. Biatti “Vogue Australia“ya verdiyi açıqlamada bildirib ki, kolleksiyanın məqsədi brendi ənənəvi imicindən çıxararaq daha müasir və hər yaşa xitab edən bir kimliyə daşımaqdır.
Şanina Şaykın bu şouda iştirakı tədbirə beynəlxalq ulduz statusu qazandırıb. Mart ayında Paris Moda Həftəsində müxtəlif tədbirlərə, o cümldən Viktoriya Bekhemin kolleksiya təqdimatına qatılan Şayk, Avstraliya Moda Həftəsinin də əsas simasına çevrilib. Səudiyyə, Pakistan və Litva mənşəli model, 1965-ci ildə qurulan və Avstraliya modasında “güclü qadın” obrazının simvolu olan “Carla Zampatti” brendinin təkamülünü uğurla təmsil edib. Şounun sonunda kreativ direktor Tanya Biattinin podiumda Şanina Şayk ilə əl-ələ tutaraq tamaşaçıları salamlaması kolleksiyanın ən yaddaqalan anı olub.


