BAKI, Arab.AZ
İsrailin Baş naziri Benyamin Netanyahu hazırda bir sıra ölkələrlə Qəzza sakinlərinin “könüllü miqrasiyası” planı çərçivəsində böyük sayda fələstinlinin qəbul edilməsi ilə bağlı danışıqlar aparır.
Arab.AZ xəbər verir ki, bu barədə Netanyahunun verdiyi açıqlamada deyilir.
“Hazırda bir sıra ölkələrlə danışıqlar gedir. Onlar Qəzzadan olan əhalinin əhəmiyyətli bir hissəsini qəbul etməyə hazırdırlar. Bu vacibdir, çünki nəticə etibarilə belə olmalıdır”, – deyə Netanyahu bildirib.
Netanyahu Qəzza sakinlərinin digər ölkələrə köçürülməsi ideyasını yenidən ABŞ Prezidenti Donald Trampın “vizyonu” adlandırıb. Lakin hansı ölkələrdən söhbət getdiyini dəqiqləşdirməyib.
Xatırladaq ki, fevralın 4-də Tramp ilk dəfə açıq şəkildə Vaşinqtonun Qəzza üzərində uzunmüddətli nəzarəti və fələstinlilərin digər ölkələrə köçürülməsi məsələsini nəzərdən keçirdiyini etiraf etmişdi. Bu bəyanatı o, ABŞ-da səfərdə olan Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirmişdi. İsrail hakimiyyəti bu təklifi dəstəkləmiş və dərhal fələstinlilərin bölgədən çıxarılması üçün müvafiq planların hazırlanmasına başlamışdı. Mümkün istiqamətlər kimi Suriya, Somali və Sudan qeyd olunmuşdu, lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.