Omana qoyulan xarici birbaşa investisiyaların (XBİ) həcmi 2026-cı ilin birinci rübünün sonuna illik müqayisədə 8.7 faiz artaraq 32.19 milyard Oman rialına (83.7 milyard dollar) çatıb.
ArabAZ xəbər veirr ki, Milli Statistika və Məlumat Mərkəzinin rəqəmləri xarici kapitalın əsasən sultanlığın enerji sektorunda cəmləşməyə davam etdiyini göstərir. Həmçinin sözügedən dövrdə emal sənayesi və maliyyə vasitəçiliyi sahələrinə qoyulan investisiyaların həcmində də artım qeydə alınıb.
Birinci rübün göstəriciləri Omanın investisiya tempini saxlamaq cəhdlərini nümayiş etdirir. Hazırda Körfəz ölkələri enerji, sənaye, logistika, maliyyə xidmətləri və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı digər sahələrə uzunmüddətli xarici kapital cəlb etmək üçün öz aralarında rəqabət aparırlar.
Körfəzin digər ölkələrinə gəlincə, Səudiyyə Ərəbistanına birinci rübdə daxil olan XBİ 2.4 faiz artaraq 26.6 milyard Səudiyyə rialına (7 milyard dollar) çatıb. Qətərin Milli Planlaşdırma Şurası isə 2025-ci ilin sonunda ölkəyə yönələn xarici birbaşa investisiyaların 2 faiz artaraq 165.4 milyard Qətər rialına (45.30 milyard dollar) çatdığını bildirib. BMT-nin Ticarət və İnkişaf Konfransının məlumatına görə, BƏƏ 2025-ci ildə 48.24 milyard dollar XBİ cəlb edərək əvvəlki illə müqayisədə 6 faizlik artım göstərib və qlobal siyahıda doqquzuncu yerdə qərarlaşıb.
“Milli Statistika və Məlumat Mərkəzinin dərc etdiyi ilkin statistikaya əsasən, 2026-cı ilin birinci rübündə Omanın investisiya axını təxminən 2.56 milyard Oman rialı təşkil edib”, – deyə Oman Xəbər Agentliyinin hesabatında qeyd olunur.
Neft və qaz hasilatı xarici investisiyaların əsas ünvanı olaraq qalıb; bu sektora qoyulan XBİ illik müqayisədə 9.5 faiz artaraq 25.88 milyard riala yüksəlib. Rüb ərzində sahəyə daxil olan investisiya axını ümumilikdə 2.23 milyard rial olub.
Emal sənayesi xarici birbaşa investisiyaların 5.4 faiz artaraq 2.87 milyard riala çatması ilə ikinci sırada yer alıb. Bu sektora daxil olan investisiya axını 146.7 milyon rial təşkil edib.
Maliyyə vasitəçiliyi sahəsi isə 9.6 faizlik artımla 1.56 milyard rial XBİ cəlb edərək növbəti pillədə qərarlaşıb; rüb ərzində bu sektora yönələn investisiyaların həcmi 137.7 milyon rial olub.
Böyük Britaniya əsas investor olaraq qalır
Ölkələr üzrə bölgüdə Böyük Britaniya birinci rübün sonuna Omanın ən böyük xarici birbaşa investoru mövqeyini qoruyub. Ölkənin Oman iqtisadiyyatındakı investisiyaları 9.9 faiz artaraq 16.88 milyard riala çatıb.
ABŞ-dən gələn birbaşa investisiyalar 10 faiz artaraq 8.69 milyard riala, Küveyt investisiyaları 4.6 faiz artaraq 1.44 milyard riala yüksəlib. Çin investisiyaları isə 9.3 faiz artaraq 901.5 milyon rial təşkil edib.

