Birləşmiş Ərəb Əmirlikləri 2026-cı il aprelin 28-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ alyansından çıxmaq qərarını rəsmən elan edib. Qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək. Altı onillik davam edən üzvlükdən sonra qəbul edilən bu tarixi addım ölkənin neft hasilatı siyasəti və mövcud gücünün yenidən nəzərdən keçirilməsi nəticəsində atılıb.
ArabAZ xəbər verir ki, BƏƏ dünyanın ən rəqabətədavamlı və aşağı karbonlu neft hasilatçılarından biri kimi qlobal iqtisadi artımı dəstəkləməkdə və emissiyaların azaldılmasında mühüm rol oynamağa davam edəcəyini bəyan edib.
Dəyişkənliyə baxmayaraq uzunmüddətli artım
Bəyanatda qeyd olunur ki, ərəb körfəzi və Hörmüz boğazındakı fasilələr də daxil olmaqla, qısamüddətli qeyri-sabitlik tədarük dinamikasına təsir etsə də, əsas tendensiyalar qlobal enerji tələbatının uzunmüddətli perspektivdə artacağına işarə edir. Ölkə bu tələbatı səmərəli və məsuliyyətli şəkildə qarşılamaq üçün investisiyalar qoyduğunu, sabitlik, əlçatanlıq və davamlılıq prinsiplərini prioritet seçdiyini vurğulayıb.
OPEC-dən ayrılma səbəbi
BƏƏ 1967-ci ildə Əbu-Dabi vasitəsilə OPEC-ə qoşulub və 1971-ci ildə federasiya yarandıqdan sonra da üzvlüyünü davam etdirib. Ötən müddət ərzində ölkə qlobal neft bazarının sabitliyində və istehsalçı ölkələr arasında dialoqun gücləndirilməsində fəal rol oynayıb.
Lakin ayrılma qərarı ölkənin strateji yanaşmasındakı dəyişikliyi əks etdirir. Bu, bazar dinamikasına daha çevik cavab vermək, daxili enerji hasilatına investisiyaları artırmaq və ölkənin uzunmüddətli iqtisadi baxışını həyata keçirmək məqsədi daşıyır.
“Mühüm töhfələr və böyük fədakarlıqlar”
BƏƏ OPEC və OPEC+ alyansına hörmətini ifadə etsə də, indiyə qədər bütün tərəflərin xeyrinə “mühüm töhfələr verdiyini və hətta daha böyük fədakarlıqlar etdiyini” vurğulayıb. Bildirilib ki, artıq səyləri milli maraqların diktə etdiyi sahələrə, investorlara, müştərilərə və tərəfdaşlara qarşı öhdəliklərin yerinə yetirilməsinə yönəltməyin vaxtı çatıb.
İndi nə gözlənilir?
Ayrılmadan sonra da BƏƏ məsuliyyətli şəkildə hərəkət edəcəyini, bazara əlavə hasilat həcmlərini tədricən və ölçülü şəkildə, bazar şəraitinə uyğun çıxaracağını bəyan edib. Ölkə iqtisadi şaxələndirməni dəstəkləmək üçün tərəfdaşlarla işləməyə, eyni zamanda neft, qaz, bərpa olunan enerji və aşağı karbonlu həllərə investisiyaları davam etdirəcək.

