Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) dünən (bazar ertəsi) Xəlil əl-Həyyənin özünün Siyasi Bürosunun rəhbəri seçildiyini elan etdi. Bununla da, illərdir İsrailin hesablamalarında tanış olan bir isim hərəkatın ön səfərinə çıxdı. O, atəşkəs və əsir mübadiləsi dosyelərində görkəmli danışıqlar aparan şəxs, həmçinin İsrail zərbələrinin hədəfi olub. Bu zərbələrdən biri də “Times of Israel” qəzetinin bildirdiyinə görə, keçən il Dohada təşkil edilən və əl-Həyyənin sağ qaldığı, lakin oğullarından birinin həlak olduğu suiqəsd cəhdi idi.
HƏMAS-la bağlı “müsbət hərəkətlilik” var
Lakin İsrailin marağı yalnız bu şəxsin tərcümeyi-halı ilə məhdudlaşmır; əl-Həyyənin seçilməsi İsrail mətbuatında Həmas-ın daxilində baş verənləri oxumaq üçün bir çərçivəyə çevrilib.
Qəzza dosyasi bu oxunuşun mərkəzində qalmağa davam edir. Çünki əl-Həyyə Dohada məskunlaşmasına baxmayaraq, mətbuatda Yəhya Sinvarın keçmiş müavini kimi təqdim olunur. Bu, bölmənin idarəçiliyinin gələcəyi, hərəkatın silahı və növbəti mərhələnin idarə edilməsi məsələlərinin aparılan danışıqlarda ən təxirəsalınmaz suallara çevrildiyi bir məqama təsadüf edir.
“Jerusalem Post” qəzeti analizinə Doha dayanacağından başlayıb. Qəzetin istinad etdiyi hesabatlara görə, 2025-ci ilin sentyabr ayında İsrail Həmas-ın danışıqlar prosesi ilə bağlı olan rəhbərlərini hədəf alan zərbə endirəndə əl-Həyyə Dohada idi.
Qəzet bildirir ki, sonrakı hesabatlarda onun Siyasi Büronun rəhbəri seçildiyi və bu vəzifədə praktiki olaraq Yəhya Sinvarın xələfi olduğu qeyd edilib.
“Jerusalem Post” əl-Həyyəni hərəkatın qurucu nəslindən olan bir xadim kimi təqdim edib: O, 1960-cı ildə Qəzzada doğulub, onun ilk rəhbərləri arasında böyüyüb və 1987-ci ildə Birinci İntifada zamanı hərəkatın təməli qoyularkən ona qoşulub.
Qəzet onun 1990-cı illərdə İsrail tərəfindən həbs edildiyini və 7 oktyabr 2023-cü ildən əvvəl Qəzzanı tərk edərək hərəkatın digər rəhbərləri ilə birgə Dohada məskunlaşdığını xatırladır.

“Jerusalem Post” İsrailin və hərəkatın onu yaxşı tanıdığı uzun bir tarixə diqqət çəkərək, onun Sinvara yaxın olduğunu, rabitə və rəhbərlik dairələrində mühüm mövqe tutduğunu qeyd edir.
Həmçinin müxtəlif hesabatlara istinadən bildirilir ki, o, bir neçə suiqəsd cəhdindən sağ çıxıb və ailəsinin bir neçə üzvü İsrail zərbələrində həlak olub. Qəzet bu detallardan siyasi kimliyi itkilər və təqiblər arasında formalaşmış bir lider portretini cızmaq üçün istifadə edir.
“Haaretz” qəzeti isə əl-Həyyənin seçilməsini Həmas daxilindəki güclər balansı haqqında bir mesaj kimi dəyərləndirir. Qəzet qeyd edir ki, bu təyinat hərəkatın aldığı zərbələrə və Qəzzadakı genişmiqyaslı dağıntılara baxmayaraq, fəaliyyət qabiliyyətini və davamlılığı nümayiş etdirmək istəyini əks etdirir.
Lakin ən önəmli mesaj odur ki, hərəkat hələ də xaricdəki rəhbərlikdən daha çox Qəzza rəhbərliyinə söykənir.
“Haaretz” bildirir ki, daxili kampaniya aylarla davam edib və əl-Həyyənin qələbəsinin elan olunması regional hadisələr, İran müharibəsi və Qəzzanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən yubanıb.
Qəzet Səudiyyə Ərəbistanının “Al Şarq” telekanalına istinadən mübarizənin çox baş-başa keçdiyini xəbər verir: əl-Həyyə 35 səs, Xalid Məşəl isə 34 səs alıb. Qəzet bu fərqin hərəkat daxilindəki fikir ayrılığının həll olunmadığını və Məşəl düşərgəsinin hələ də güclü mövqeyə malik olduğunu göstərdiyini vurğulayır.
Qəzet Həmas-ın Qəzzada məskunlaşan siyasi rəsmisinə istinadən bildirir ki, əl-Həyyənin qələbəsi böyük ölçüdə Qəzza qanadının xaricdəki qanad üzərindəki qələbəsini təmsil edir.
Əl-Həyyənin Qətərdə yaşamasına baxmayaraq, “Haaretz” onun Qəzza rəhbərliyi ilə əlaqələrinin dərin olduğunu vurğulayır; o, Sinvarın müavini olub və müharibə dövründə siyasi rəhbərliklə hərbi rəhbərlik arasındakı münasibətlərin idarə edilməsində, siyasətin tələbləri ilə hərbi qanadın mövqeləri arasındakı boşluğun doldurulmasında mərkəzi rol oynayıb.
- ABŞ planı və Həmas-ın yeni strategiyası: Əl-Həyyə dövrü başlayır
- Flydubai Suriyada ikinci istiqamətə-Hələbə uçuşlara başladı
- Ərəb gəncliyinin sükutu-Gələcəyin liderləri necə yetişdirilməlidir?
- Neftdən sonra nə gəlir? Səudiyyənin təmiz enerji strategiyası
- Taleh Yüzbəyovun reklamı və Ərəb qadınlarının oxşar reaksiyası
- İranın “qardaşlıq və vəhdət” adı altında ədavət sənəti
Əl-Həyyə və Məşəl
“Haaretz” əl-Həyyə ilə Məşəl arasındakı rəqabəti iki fərqli xəttin mübarizəsi kimi qiymətləndirir. Qəzetin yazdığına görə, Məşəl xaricdəki rəhbərliyi təmsil edir və diplomatiya məkanını genişləndirməyə, Fələstin daxili barışığını irəlilətməyə, İrandan asılılığı azaltmağa və Səudiyyə Ərəbistanı ilə İordaniya kimi ərəb ölkələri ilə əlaqələri möhkəmləndirməyə meylli yanaşmanı dəstəkləyir.
Bunun əksinə olaraq, qəzet əl-Həyyənin silahlı mübarizənin davam etdirilməsi, İran və onun müttəfiqlərinə arxalanmaq xəttinə daha yaxın olduğunu bildirir. Qəzet hərəkat nümayəndələrinə istinadən qeyd edir ki, hər iki şəxs İsraillə qarşıdurma ideyasında həmrəydir, lakin aralarındakı fikir ayrılığı məqsədə deyil, vasitələrə aiddir.
Buna görə də “Haaretz” hesab edir ki, əl-Həyyənin seçilməsi dəyişiklik yolunu təklif edən səslərin hesabına davamlılığa üstünlük verən səsləri ağırlaşdırır.
Qəzet Həmas ilə əlaqə saxlayan Fələstin fraksiyalarından birinin yüksək rütbəli rəsmisinin bu sözlərini sitat gətirir: onun qiymətləndirməsinə görə, əl-Həyyənin seçilməsi sərt mövqeyin davam edəcəyinə və xüsusən də Qəzzanın gələcəyinə dair ABŞ planının ikinci mərhələsi çərçivəsində hərəkatın silahı və hərbi qanadının ləğvi məsələsində reallığa uyğun bir güzəştin rədd ediləcəyinə işarə edir.
İranın kölgəsi
İsrail mətbuatı əl-Həyyənin İranla əlaqələrinə xüsusi diqqət yetirir. “Times of Israel” Agence France-Presse-ə (AFP) istinadən bildirir ki, əl-Həyyə liderlik yarışında Xalid Məşələ qalib gəlib və Məşəldən fərqli olaraq Tehrana yaxın hesab olunur. Qəzet onun seçilməsinin İranla Həmas arasındakı əlaqələrin davamlılığını təsdiqlədiyini vurğulayır.
Eyni kontekstdə “Haaretz” əl-Həyyənin anti-İran oxundan daha çox İrana bağlı olduğunu bildirir, lakin əlavə edir ki, bu istiqamətin mənası İran müharibəsi başa çatdıqdan və onun regional təsirləri, xüsusən də hərəkatın Qətər və Türkiyə kimi ölkələrlə əlaqələrində daha aydın görünəcək.
Dayandırılmış danışıqlar
“Times of Israel” qəzeti yazır ki, əl-Həyyə müharibə dövründə atəşkəs və əsir mübadiləsi danışıqlarında Həmas-ın baş danışıqçısı olub və həlledici məqamlarda hərəkatın ən çox görünən simalarından birinə çevrilib.
Qəzet həmçinin onun ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə müəyyən təmaslar qurduğuna diqqət çəkərək, bunun onun hərəkat daxilində və xaricindəki yüksək mövqeyini əks etdirdiyini bildirir.
Lakin qəzet onun rəhbərliyə gəlişini daha geniş bir çıxılmaz vəziyyətlə bağlayır: əl-Həyyə rəhbərliyi Qəzzanın dağıdıldığı və atəşkəsin ikinci mərhələsinə dair danışıqların demək olar ki, dayandığı bir vaxtda təhvil alır.
Qəzet əlavə edir ki, ABŞ-ın dəstəklədiyi plana əsasən, həmin mərhələ Həmas-ın silahsızlaşdırılmasını, İsrail qüvvələrinin Qəzzadan mərhələli şəkildə çıxarılmasını və onların beynəlxalq təhlükəsizlik qüvvələri ilə əvəzlənməsini nəzərdə tutur.
Qəzet xatırladır ki, Həmas silahının hər hansı bir hissəsini təhvil verməyi nəzərdən keçirməzdən əvvəl Qəzzada Fələstin idarəçiliyinin yaradılmasını tələb edir. Müharibədən sonra bölmənin idarə edilməsi məsələsi isə danışıqlarda əsas düyünlərdən biri olaraq qalır; çünki İsrail Həmas-ın hakimiyyətə qayıtmasını və eyni zamanda Ramallahdakı Fələstin Milli Hakimiyyətinin bölməni idarə etməsini rədd edir.
Qəzzadan kənarda qalan komitə
İdarəetmə dosyesi çərçivəsində “Times of Israel” diqqətə çatdırır ki, Həmas keçən ay Qəzzanın idarəçiliyindən rəsmi olaraq “Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitə”nin lehinə imtina etdiyini elan edib. Bu, ABŞ Prezidenti Donald Trampın Sülh Şurası vasitəsilə yaradılmış və Əli Şaatın rəhbərlik etdiyi teknokratik xarakterli Fələstin komitəsidir.
Lakin qəzet bildirir ki, komitə İsrailin onun Qəzzaya daxil olmasına etiraz etməsi səbəbindən aylarla bölmədən kənarda qalıb.
Qəzet əlavə edir ki, bu addım Həmas-ın idarəçiliyi teknokratlara təhvil verməyə hazır olduğunu göstərmək cəhdi kimi görünürdü, lakin bir İsrail rəsmisi – qəzetin yazdığına görə – bunun əhəmiyyətini azaldaraq onu “mənasız bir manevr” adlandırıb.
Beləliklə, İsrail mətbuatının təhlil etdiyi kimi, əl-Həyyənin hakimiyyətə gəlişi bir mərhələnin sonundan daha çox daha qeyri-müəyyən bir dövrə qədəm qoyulması kimi görünür. O, özü ilə Qəzzanın yükünü, Dohanın əlaqələrini, İranın hesablamalarını və danışıqlar dosyesini daşıyır. Hərəkat isə hələ də cavabsız qalan bir sualla üz-üzədir: Dağıdılmış bir bölmədə öz mövqeyini necə qorusun və eyni zamanda idarəetmə, silah və müharibədən sonrakı dövrün təzyiqləri ilə necə rəftar etsin?



