Qətər və Yaponiya müharibədən zərər çəkmiş Qəzza bölgəsinin yenidən qurulması və infrastrukturun bərpası planlarını müzakirə ediblər. Rəsmi danışıqlar Qətərin paytaxtı Dohada baş tutub.
ArabAZ xəbər verir ki, Qətərin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət Naziri Dr. Məryəm bint Əli bin Nasir Əl-Misnəd Yaponiyanın Qəzzanın yenidən qurulması üzrə xüsusi elçisi, səfir Okubo Takeşini qəbul edib. Görüşdə Qəzza zolağındakı son vəziyyət və fələstinlilərə yönələn humanitar layihələr təxirəsalınmaz ortaq prioritet kimi qiymətləndirilib.
Tokio rəhbərliyi Yaponiyanın Livandakı keçmiş səfiri Okubo Takeşini məhz Qəzzaya yenidənqurma yardımlarını idarə etmək və Asiya donor ölkələrini bu prosesə cəlb etmək üçün xüsusi elçi təyin edib. Səfir bu məqsədlə bölgə ölkələrinə koordinasiya səfərləri həyata keçirir.
Qeyd edək ki, BMT və Dünya Bankının hesablamalarına görə, Qəzzanın tam bərpası üçün 71 milyard dollar vəsait lazımdır. Cari ilin əvvəlində beynəlxalq donorlar tərəfindən 17 milyard dollar yardım vəd edilsə də, vəsaitlərin yerlərdə real işlərə yönəldilməsi prosesi zəif maliyyələşmə və siyasi fikir ayrılıqları səbəbindən ləngiyir. Qətər, Misir, Türkiyə və ABŞ ilə birlikdə Qəzzada atəşkəs rejiminin dörd rəsmi qarant (zamin) dövlətindən biri kimi çıxış edir.

